İran məsələsi iki dövlət arasında gərginliyi artırdı - Qarşıdurma ola bilər
ABŞ Prezidenti Donald Tramp İspaniyanın İranla bağlı mövqeyinə görə bu ölkəyə qarşı narazılığını ifadə edib.
Tramp İspaniyanın ABŞ qoşunları üçün hərbi bazaları bağlamasını və İranla müharibəni pisləməsini sərt tənqid edərək, Madridlə bütün ticarət əlaqələrinin dayandırıla biləcəyini bəyan edib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez isə daha əvvəl açıqlamasında ABŞ və İsrailin hərbi əməliyyatlarının BMT qanunları ilə tənzimlənmədiyini bildirib, eyni zamanda İranın region ölkələrinə qarşı hücumlarını da tənqid edib.
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlama verib. O bildirib ki, NATO daxilində münasibətlər onsuz da gərgindir və bir çox hallarda hətta pozulma həddinə qədər yaxınlaşır:

“Nəzərə alsaq ki, NATO üzvlərindən cəmi ikisi Amerika qitəsində yerləşir, qalan 29-u isə Avropa ölkələridir. Üstəlik, NATO-ya üzv Avropa dövlətlərinin əksəriyyəti eyni zamanda Avropa Birliyinin də üzvüdür.
Məlumdur ki, son dövrlərdə Avropa Birliyinə üzv ölkələrlə ABŞ arasında münasibətlər kifayət qədər gərgindir. Xüsusilə NATO daxilində bəzi ölkələrlə, o cümlədən Danimarka və onun mövqeyini müdafiə edən digər NATO üzvləri ilə ABŞ arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu baxımdan İspaniya ilə ABŞ arasında yaranan gərginliyi NATO müstəvisində yeni hadisə kimi qiymətləndirmək doğru olmaz.
Donald Tramp belə məsələlərdə kifayət qədər qisasçı mövqeyi ilə tanınır. Bir müddət əvvəl o, İspaniyanın baş nazirinin qəbul etdiyi qərara görə ölkəni ciddi şəkildə cəzalandıracağını bildirmişdi. Səbəb isə İspaniyanın ABŞ-a açıq şəkildə öz hərbi bazalarının İrana qarşı istifadə olunmasına icazə verməməsi idi. Bu qərar Trampın kəskin reaksiyasına səbəb oldu və o, İspaniyanı cəzalandıracağı ilə bağlı sərt bəyanat verdi.”
Ekspertin sözlərinə görə, ABŞ prezidenti bundan əvvəl də bəzi müttəfiqlərlə münasibətlərdə narazılığını açıq şəkildə ifadə edib: “Bundan bir qədər əvvəl Tramp Böyük Britaniyanın baş naziri Keir Starmerdən də narazılığını ifadə etmişdi. Buna səbəb isə Starmerin Dieqo Qarsiya adasındakı ingilis hərbi bazalarından ABŞ-ın istifadə etməsinə gec razılıq verməsi ilə bağlı idi.
Tramp hazırda İranla qarşıdurmaya olduqca böyük önəm verir. O, İrana qarşı sərt və qisasçı siyasət yürüdür. Bu səbəbdən də İranla qarşıdurmada istədiyi səviyyədə dəstək verməyən ölkələrlə münasibətlərini kəskinləşdirə bilər. Bu kontekstdə İspaniyaya qarşı sərgilənən sərt münasibət də həmin siyasətin tərkib hissəsi kimi görünür. Bəzi hallarda oxşar yanaşma Böyük Britaniyaya münasibətdə də müşahidə olunur.”
Siyasi şərhçi qeyd edib ki, bu yanaşma gələcəkdə digər ölkələrlə münasibətlərə də təsir göstərə bilər:
“Hətta düşünürəm ki, yaxın gələcəkdə Türkiyə İran məsələsində Trampın siyasətinə tam dəstək verməzsə, ABŞ-Türkiyə münasibətlərində də bənzər gərginliyin şahidi ola bilərik. Çünki Tramp İran rejimini tam şəkildə zəiflətməyi və ya aradan qaldırmağı əsas hədəf kimi müəyyənləşdirib. Bu məqsədə çatmaq üçün isə ona lazımi dəstəyi göstərməyən istənilən ölkəyə qarşı sərt addımlar ata biləcəyini nümayiş etdirir.
Diqqət çəkən məqamlardan biri də odur ki, Tramp İranla bağlı hərbi qarşıdurmada NATO ölkələrindən rəsmi şəkildə kollektiv yardım istəməyib.
Bu isə onu göstərir ki, Tramp əslində NATO-nun müstəqil təşkilat kimi fəaliyyət göstərməsində o qədər də maraqlı görünmür.”
Siyasi şərhçi əlavə edib ki, ABŞ prezidentinin yanaşmasına görə NATO ya tam şəkildə Vaşinqtonun qərarlarını qeyd-şərtsiz icra edən struktura çevrilməlidir, ya da təşkilatın mövcud formatda fəaliyyət göstərməsi ABŞ üçün əvvəlki qədər əhəmiyyət kəsb etməyə bilər:
“Beləliklə, Trampın həyata keçirdiyi siyasət bir tərəfdən NATO daxilində parçalanma riskini artırır, digər tərəfdən isə köhnə dünya nizamının əsas sütunlarını sarsıdır və Avropa Birliyi ilə ABŞ arasında ciddi gərginlik yaradır. Bu siyasətin bəşəriyyət üçün hansı nəticələr doğuracağını isə zaman göstərəcək.”
Aydın Quliyev sonda vurğulayıb ki, İspaniya ilə bağlı səsləndirilən bəyanatlar siyasi təzyiq xarakteri daşıya bilər:
“Bununla belə, Trampın yaxın günlərdə İspaniya ilə ticarət əlaqələrinin məhdudlaşdırılması və ya İspaniya məhsullarına yüksək rüsum tətbiq edilməsi kimi addımlar atması ehtimalını da istisna etmək olmaz.
Bu baxımdan Trampın məqsədlərinə çatmaq üçün tərəfdaş ölkələrdən maksimum dəstək tələb etməsi və lazım gəldikdə sərt qərarlar verməyə hazır olması gözlənilən haldır.
Həmayıl Şükürova
13:43 05.03.2026
Oxunuş sayı: 735