Gənclər və süni intellekt: Azərbaycanda təhsil və innovasiya yönümlü layihələr yeni fürsətlər açır
Müasir dövrdə bilik və texnologiya sahəsində sürətli inkişaf, təhsil və innovasiyanı bir-birindən ayırmaq mümkün olmayan anlayışlara çevirib. Xüsusilə gənclərin yaradıcı düşüncə, innovasiya və rəqəmsal savadlılıq bacarıqlarının formalaşdırılması, onların gələcək lider və təşəbbüskar kimi yetişməsində həlledici rol oynayır. Süni intellektin təhsil və elmi sahələrdə istifadəsi gənclərə yalnız məlumat əldə etmək deyil, həm də onu səmərəli analiz etmək, doğru suallar vermək və real innovasiyalara çevirmək imkanı yaradır.
Bu baxımdan, ölkəmizdə həyata keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi gənclərin elmi və innovativ fəaliyyətini təşviq edən mühüm platforma kimi çıxış edir. Müsabiqənin məqsədi yalnız nəzəri bilikləri artırmaq deyil, həm də gənclərin praktik bacarıqlarını inkişaf etdirərək onları gələcəyin liderlərinə çevirməkdir. Riyaziyyat, fizika, kimya, biologiya, kompüter elmləri və süni intellekt kimi sahələrdə gənclərin hazırladığı layihələr onların innovasiya və təşəbbüskarlıq potensialını nümayiş etdirir, həmçinin ölkənin intellektual və texnoloji inkişafına töhfə verir.
Beləliklə, süni intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını inkişaf etdirən gənclər, gələcəyin liderləri, təşəbbüskar iş adamları və cəmiyyət üçün dəyər yaradan şəxslər kimi formalaşacaqlar.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən media tədqiqatçısı Səbinə İzzətli bildirib ki, süni intellekt mövzusu son illər Azərbaycan mediasında geniş müzakirə olunur: “Amma hesab edirəm ki, gənclərin bu sahədə bacarıqlarını inkişaf etdirməsi və süni intellektin, xüsusən də yaratdığı imkanlar haqqında yetərincə izahlı və maarifləndirici materiallar hələ də azdır. Media əsasən texnologiya xəbərlərinə və dünyadakı yeniliklərə fokuslanır. Halbuki gənclər üçün süni intellektin praktik istifadəsi, yəni hansı imkanlar yaratdığı və bu alətləri necə öyrənmək mümkün olduğu barədə daha çox materiallara ehtiyac var. Medianın belə bir rolu ola bilər ki, bu yöndə işini gücləndirsin və artırsın".
O, beynəlxalq mediadan nümunələr də gətirib: “Məsələn, BBC gənclər üçün media savadlılığı layihələri hazırlayır, süni intellektlə yaradılan dezinformasiyanı və deepfake videoları necə tanımaq barədə izah verir. Bu layihələr əsasən məktəblilər üçündür və onlara yeni texnologiyalar əsrində düzgün davranış, yalan xəbərlərin qarşısını alma bacarığı öyrədir. Layihənin adı ‘Solve the Story – Xəbəri araşdır’dır. Burada əsas məqsəd gənclərə süni intellekt və rəqəmsal dezinformasiyanın yaratdığı risklər barədə məlumat vermək və onları praktik bacarıqlarla təmin etməkdir".
Müsahibimiz əlavə edib ki, dünya mediasında texnologiya jurnalistikası çərçivəsində süni intellekt alətlərinin təhsil, jurnalistika və startap sahələrində istifadəsi barədə analitik yazılar geniş yayımlanır: “Bizim mediada da zaman-zaman texnologiyadan yazan saytlar fəaliyyət göstərir, yenilikləri təqdim edir. Amma daha analitik, təhlili və praktiki məlumatlar gənclər üçün daha faydalı olar. Yerli media qurumları süni intellekt mövzusunda ekspert müsahibələri, izahlı reportajlar və gənc startapçıların uğur hekayələrini işıqlandıra bilər. Universitetlərdə və texnologiya tədbirlərində təqdim olunan innovativ layihələrin mediada yayımlanması gənclərin bu sahəyə marağını artırar. Media yalnız məlumat verən platforma deyil, həm də cəmiyyətdə rəqəmsal savadlılığın formalaşmasına təsir edən vacib vasitədir. Bu səbəbdən süni intellekt mövzusunun mediada daha sistemli və aydın təqdim olunması gənclərin innovativ düşüncəsinin inkişafına kömək edə bilər".
Mehriban Yariyeva
12:50 05.03.2026
Oxunuş sayı: 1280