Azərbaycanlı gənclər Şəhidlərin xatirəsini əbədiləşdirəcək süni zəka əsaslı blockchain texnologiyası yaradıblar
Azərbaycanlı gənclərin yaratdıqları
innovativ texnologiya layihəsi - Blockchain Memorial System ictimaiyyətə
təqdim olunub. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından
keçmiş şəhidlərimizin xatirəsini rəqəmsal mühitdə qorumağı hədəfləyən bu
platforma süni zəka və blockchain texnologiyalarının sintezi əsasında yaradılıb
və milli yaddaşın gələcək nəsillərə dəyişməz formada ötürülməsini təmin etməyi
qarşısına məqsəd qoyur.
Layihə Azərbaycan Respublikasının
Gənclər Fondunun qrant dəstəyi ilə həyata keçirilib və qısa müddət ərzində həm
texnoloji ictimaiyyət, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən böyük
maraqla qarşılanıb. Blockchain Memorial System platforması şəhidlərimizin həyat
yolu, xidmətləri, qəhrəmanlıq nümunələri və ailə və döyüş xatirələrini sistemli
şəkildə toplayaraq onları təhlükəsiz və dəyişdirilməz rəqəmsal arxivə çevirir.
Platformada hər bir şəhid üçün ayrıca profil yaradılır, bioqrafik məlumatlar,
foto və video materiallar, arxiv sənədləri və ailə və döyüş xatirələri xüsusi
strukturlaşdırılmış sistem vasitəsilə qorunur.
Layihənin əsas xüsusiyyətlərindən
biri blockchain texnologiyasının tətbiqidir. Bu texnologiya sistemə daxil
edilən məlumatların sonradan dəyişdirilməsinin, təhrif edilməsinin və ya
silinməsinin qarşısını alır və məlumatların uzunmüddətli təhlükəsizliyini təmin
edir. Bununla yanaşı platformada bir sıra süni zəka texnologiyalarının tətbiq
edilir. Süni zəka məlumatların analiz edilməsi, arxivlərin
strukturlaşdırılması, bioqrafik məlumatların sistemləşdirilməsi və məlumat
bazasında axtarış imkanlarının genişləndirilməsi kimi funksiyalarda istifadə
olunacaq.
Layihə üzərində çalışan platformaya
bir sıra əlavə süni zəka alətlərinin inteqrasiyasını planlaşdırır. Bu alətlər
arasında arxiv məlumatlarının avtomatik analiz sistemi, mətnlərin
strukturlaşdırılması üçün AI modulları, səsli bioqrafiya yaratmaq üçün text-to-speech
texnologiyası, regionlar üzrə məlumatların statistik analizi və interaktiv
xəritə üzərindən məlumatların klasterləşdirilməsi kimi texnoloji imkanlar yer
alır. Bu yanaşma layihəni sadəcə memorial platforma deyil, eyni zamanda milli
yaddaşın qorunması üçün yaradılmış innovativ texnoloji sistemə çevirir.
Blockchain Memorial System
layihəsinin təqdimat mərasimi Bakıda təşkil olunub və tədbirdə şəhid ailələri,
Qarabağ döyüşlərinin iştirakçıları, qazilər, dövlət qurumlarının əməkdaşları,
özəl sektor nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Təqdimat zamanı
qonaqlara layihənin məqsədi, texnoloji imkanları və gələcək inkişaf
perspektivləri barədə geniş məlumat verilib, platformanın funksiyaları ətraflı
şəkildə nümayiş etdirilib.
Tədbirdə çıxış edən süni zəka
texnologiyaları üzrə mütəxəssis Rəhim Xasıyev texnologiyanın cəmiyyət üçün
əhəmiyyətindən və süni zəkanın milli məlumat bazalarının qorunmasında oynaya
biləcəyi roldan danışıb. O qeyd edib ki, müasir texnologiyalar yalnız iqtisadi
və sənaye sahələrində deyil, həm də tarixi yaddaşın qorunması və gələcək
nəsillərə ötürülməsi kimi mühüm sahələrdə istifadə edilməlidir. Onun sözlərinə
görə, blockchain və süni zəka texnologiyalarının birgə tətbiqi məlumatların həm
təhlükəsizliyini, həm də davamlılığını təmin edən yeni model yaradır.
Tədbirdə şəhid Elçin Həsənlinin
anası Xatirə xanım da çıxış edərək oğlunun xatirələrindən bəhs edib və belə bir
layihənin həyata keçirilməsinin bütün şəhid ailələri üçün böyük mənəvi dəyər
daşıdığını bildirib. O qeyd edib ki, şəhidlərin xatirəsinin gələcək nəsillər
üçün qorunması həm ailələr, həm də cəmiyyət üçün son dərəcə vacibdir və bu cür
təşəbbüslər tariximizin unudulmaması baxımından mühüm rol oynayır.
Mərasimdə iştirak edən şairə Rəfiqə
Qasımqızı çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüb və özünün “El üçün
doğulmuşlar” kitabında şəhid Elçin Həsənlinin obrazında əslində bir çox şəhidin
həyat yolunu işıqlandırmasından bəhs edib. O qeyd edib ki, bu cür texnoloji
platformalar ədəbiyyat və tarix üçün də yeni imkanlar yaradır və
qəhrəmanlarımızın həyat hekayələrinin daha geniş auditoriyaya çatdırılmasına
kömək edir.
Tədbirdə iştirak edən dövlət və özəl
sektor nümayəndələri və digər qonaqlar da layihə haqqında maraqlı fikirlərini
bölüşərək bu cür təşəbbüslərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını
vurğulayıblar və layihənin inkişafı üçün dəstək verməyə hazır olduqlarını
bildiriblər.
Tədbirin sonunda iştirakçılar üçün
şəhid xatirələrinin sistemə daxil edilməsi prosesinin izahı üzrə təlimat təqdim
olunaraq, qonaqlara məlumatların platformaya əlavə olunması, necə yoxlanıldığı
və necə blockchain texnologiyası vasitəsilə dəyişməz rəqəmsal arxivə çevrildiyi
praktiki şəkildə nümayiş etdirilib. Bununla yanaşı, məlumatların doğrulanması,
təhlükəsizlik mexanizmləri və ailələrin sistemə məlumat əlavə etmə imkanları
barədə də iştirakçılara ətraflı izah verilib.
Qeyd edək ki, Blockchain Memorial System layihəsi texnologiya ilə milli yaddaşın qorunmasını birləşdirən innovativ təşəbbüs kimi qiymətləndirilir və gələcəkdə platformanın daha geniş funksiyalarla inkişaf etdirilməsi, həmçinin beynəlxalq səviyyədə təqdim olunması planlaşdırılır.


10:51 04.03.2026
Oxunuş sayı: 285