Azərbaycan rəqəmsal nəqliyyat mərkəzi olmağa hazırlanır
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı bir dövrdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası çərçivəsində logistik proseslərin süni intellekt vasitəsilə rəqəmsal inteqrasiyasını nəzərdə tutan MC-AICM mexanizminin yaradılması təşəbbüsü Azərbaycanın regional mövqeyini daha da gücləndirə biləcək mühüm addım kimi qiymətləndirilir.
Bu təşəbbüs ölkəmizi təkcə tranzit qovşağı deyil, eyni zamanda Avrasiya məkanında rəqəmsal-logistik idarəetmə mərkəzinə çevirmək potensialına malikdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib:

"Müasir dövrdə nəqliyyat dəhlizləri müxtəlif coğrafiyaları birləşdirməklə qlobal iqtisadiyyatın da əsas sütununa çevrilir. Ticarət həcmləri artdıqca nəqliyyat dəhlizlərində süni intellekt mexanizmlərinin tətbiqinə də ehtiyac yaranır.
Nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti coğrafiyadan və infrastrukturdan asılı olsa da artıq səmərəlilik həm də məlumatların inteqrasiyası ilə ölçülür.
İnvestorlar yalnız təhlükəsiz və səmərəli deyil, həm də proqnozlaşdırıla bilən, şəffaf olan dəhlizləri seçirlər. Bu xüsusda süni intellekt daha sürətli tranzit müddəti, daha aşağı əməliyyat xərcləri, daha böyük təchizat zəncirini stimullaşdırır.
Təcrübə göstərir ki, davamlı ticarət arteriyalarını idarə edən dövlətlər həm iqtisadi təhlükəsizliyini, həm də siyasi təsir gücünü gücləndirir".
Deputat bildirib ki, rəqəmsal suverenlik milli suverenlikdən ayrılmaz hala gəlir:
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində süni intellekt sahəsində əməkdaşlıq mexanizmi regional nəqliyyat və logistika siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Söhbət təkcə texnoloji yenilikdən deyil, Orta Dəhlizin rəqabət qabiliyyətini və Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirəcək strateji platformadan gedir.
Orta Dəhliz Çin ilə Avropa İttifaqı arasında artan yükdaşımaların əsas alternativ marşrutlarından biri kimi formalaşır. Marşrutun səmərəliliyi yalnız fiziki infrastrukturla deyil, iştirakçı ölkələr arasında rəqəmsal koordinasiyanın səviyyəsi ilə müəyyən olunur. MC-AICM məhz bu boşluğu doldurmağa yönəlib.
Azərbaycan Orta Dəhlizdə əsasən coğrafi və infrastruktur üstünlükləri ilə seçilirdi. Süni intellekt üzrə əməkdaşlıq ölkəmizin rolunu daha da möhkəmləndirəcək. Belə bir platformanın Bakıda formalaşması tranzit qovşağı olan Azərbaycanı həm də rəqəmsal-logistik idarəetmə mərkəzinə çevirir".
15:19 04.03.2026
Oxunuş sayı: 457