Qisas psixologiyası: İnsan niyə intiqam almaq istəyir?
İntiqam hissi insan davranışının ən qədim və güclü emosiyalarından biri hesab olunur. Tədqiqatçılar bildirir ki, bu duyğu təkcə emosional reaksiya deyil, həm də insanın təkamül prosesində formalaşmış müdafiə mexanizmidir.
Tarix boyu intiqam mövzusu həm real həyatda, həm də ədəbiyyatda geniş yer tutub. Qədim yunan dastanlarından tutmuş məşhur faciə əsərlərinə qədər bir çox hekayənin mərkəzində məhz ədalətsizliyə cavab vermək istəyi dayanır.
ABŞ-nin Mayami Universitetinin təkamül psixologiyası üzrə mütəxəssisi Michael McCullough bildirir ki, insana zərər verən şəxsə qarşı qəzəb hissi və cavab vermək istəyi bütün cəmiyyətlərdə başa düşülən davranışdır.
Araşdırmalara görə, bəzi zorakı cinayətlərin və məktəb hücumlarının əhəmiyyətli hissəsi məhz intiqam motivi ilə bağlı olur.
Virginia Universitetinin alimlərindən David Chester-in araşdırmaları göstərir ki, sosial rədd edilmə və ya alçaldılma hissi insan beynində fiziki ağrı ilə əlaqəli bölgələri aktivləşdirir. Maraqlıdır ki, insan intiqamalma imkanı əldə etdikdə beynin mükafat sistemi işə düşür və yaranan emosional ağrı müəyyən qədər “zövq hissi” ilə əvəz olunur.
Aparılan eksperimentlər zamanı qrupdan kənarlaşdırılan iştirakçıların rəqiblərinə qarşı daha aqressiv davranış göstərdiyi müşahidə edilib.
Lakin emosiyalarını nəzarətdə saxladıqlarına inanan şəxslər intiqam almağa daha az meylli olublar. Bu nəticə göstərir ki, insanlar bəzən məhz gözlənilən emosional rahatlıq səbəbindən intiqama yönəlirlər.
Mütəxəssislərin fikrincə, qısa müddətli məmnunluq hissi yaratsa da, intiqam uzunmüddətli perspektivdə insanın psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər.
Buna baxmayaraq, intiqam hissi təkamül baxımından faydalı sayılır. Çünki qarşı tərəfin cavab zərbəsindən çəkinməsi mümkün hücumların qarşısını ala bilər və bu, qədim dövrlərdə insanın sağ qalmasına kömək edib.
Araşdırmalar həmçinin göstərir ki, “rədd edilmə həssaslığı” yüksək olan şəxslər aqressiv reaksiyalara daha meylli olur. Bununla belə, hər kəs bu hissi zorakılıqla ifadə etmir, bəzi insanlar emosiyalarını başqa yollarla idarə etməyə çalışır. İntiqam hissi insan təbiətinin bir hissəsi olsa da, ona tabe olmaq məcburi deyil. Beynin məntiq və özünüidarəetmə ilə bağlı sahələri aktiv olduqda insanlar impulsiv davranışların qarşısını ala bilir.
Beləliklə, intiqam hissi atalarımızı istismardan və təhlükədən qoruyan mexanizm kimi formalaşsa da, müasir cəmiyyətdə bu emosiyanı idarə etmək daha sağlam sosial münasibətlərin qurulması üçün vacibdir.
Fatimə Məmmədova
12:51 04.03.2026
Oxunuş sayı: 625