Vaşinqtondan mesaj, Tehrandan müqavimət: Gərginlik səngiyəcəkmi?
Ötən gün ABŞ Prezidenti Donald Tramp İranın razılığa gəlmək istədiyini açıqlayıb. Belə ki, o əməliyyatın gözləniləndən daha sürətlə, yalnız bir gündə həyata keçirildiyini bildirib və İran rəhbərliyinə daha əvvəl qərar verməli olduqlarını xatırladıb.
Həmçinin, ABŞ Dövlət Departamenti amerikalılara Yaxın Şərqdəki bir neçə ölkəni dərhal tərk etməyi tövsiyə edib.
Mövzu ilə əlaqədar Crossmedia.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Donald Tramp tərəfindən son iki gündə buna bənzər açıqlamaların şahidi olmuşuq, amma hələ ki, bunun tam təsdiqi yoxdur:

"Eyni zamanda İran tərəfindən də açıqlama verilib ki, savaşı davam etdirəcəyik. Ötən gün Məsud Pezeşkian və Larizanın açıqlamalarının şahidi olduq və bu deməkdir ki, hələ İran tərəfinin barışıq əli uzatmır".
C.Abbaslı hesab edir ki, İran tərəfindən bu günlərdə belə bir addım atılacağı real görünmür:
"Çünki bir dövlətin simvolu, islam inqilabının simvolu sayılan 45 il rəhbərlikdə təmsil olunan bir şəxs sıradan çıxarılıb. Əvvəl prezident, sonra isə dini lider olub. Yəni, belə bir şəxsin öldürülməsi, ailə üzvlərinin öldürülməsi, qızlar məktəbinə hücum, eləcə də İranın digər ərazilərində sarsıcı zərbələrin endirilməsi qısa zamanda unudulası deyil.
Belə zərbələr endirilən bir ölkə, təbii ki, tezliklə danışıqlara getməz. Bu həm onun imicinə ciddi zərbə vurur, həm də xalq arasında narazılıq və etirazlara səbəb ola bilər.
Trampın verdiyi açıqlamalar isə ABŞ daxilində xalqın etirazlarını yaratmaq məqsədini güdür. ABŞ tərəfi yaxşı bilir ki, İranda xalq üsyanlarının yatırılmasından az müddət keçib və yeni bir üsyanın alovlanması mümkündür. Amma hazırkı vəziyyətdə İran daxilində bir birlik nümayiş etdirilir. Həmçinin, Amerikanın fiquru Rıza Pəhləvi hələ istədiyinə nail ola bilmir. Onun fəallaşması və bir sıra dairələr tərəfindən namizəd kimi göstərilməsi İran xalqını indiki rejim ətrafında birləşməyə məcbur edir".
Müsahibin fikrincə, istənilən halda bu açıqlama təsdiqlənmədən onun ətrafında real fikirlər yürütmək doğru deyil. Belə bir məlumat təsdiqlənərsə, bu çox ciddi bir məsələ olar.
Fatimə Məmmədova
11:20 03.03.2026
Oxunuş sayı: 559