Uzun stajlı işçilərə əlavə məzuniyyət – 8 gün şad xəbəri!
Azərbaycanda uzun illər iş təcrübəsinə malik əməkçilər üçün əlavə istirahət günləri təmin edilir. Yeni qaydalar 20 ildən çox staja sahib işçilərə əlavə məzuniyyət hüququ verir.
Ekspertlər bildirir ki, dəyişiklik əsasən özəl sektoru əhatə edəcək, amma işəgötürənlərin maliyyə yükünü ciddi artırmayacaq. Bu addım işçilərin sosial təminatını gücləndirir, uzunmüddətli əmək fəaliyyətini təşviq edir. Hüquqi yeniliklərin tətbiqi mərhələsi isə iş dünyasında diqqətlə izlənir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Xalid Kərimli 15 ildən yuxarı iş stajı olan şəxslərə 6 təqvim günü əlavə məzuniyyət verildiyini qeyd edib:

"Məsələ 20 ildən yuxarı iş stajı olan şəxslərə 8 təqvim günü əlavə məzuniyyətin verilməsindən ibarətdir. Dəyişiklik bundan ibarətdir. Hazırkı qanunvericiliyə əsasən, 15 ildən çox iş stajı olanlara 6 təqvim günü əlavə məzuniyyət verilirdi.
Bu müddəaların tətbiqi işəgötürənlər üçün maliyyə yükü yaradacaq. Həmçinin, əlavə məzuniyyət günlərinin verilməsi müəyyən təsir göstərəcək, lakin bu ciddi əhəmiyyət daşımayacaq. Bu hal işəgötürənlər üçün ciddi gərginlik yaratmayacaq və onları maliyyə problemi ilə üzləşdirməyəcək".
İqtisadçının sözlərinə görə, bu, uzun iş stajı olan işçilər üçün əlavə sosial təminatdır:
"Xüsusilə özəl sektora təsiri olacaq, lakin əhəmiyyətli təsirdən söhbət getmir. Bildirim ki, dəyişiklik məhdud dairəni əhatə edir".
Fatimə Məmmədova
10:06 03.03.2026
Oxunuş sayı: 669