Azərbaycan hərəkətə keçib: Ermənistan üçün göydəndüşmə fürsət...
Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində aparılan müzakirələr fonunda iqtisadi əməkdaşlıq imkanları da diqqət mərkəzinə çevrilib. Ermənistanın iqtisadiyyat naziri Georgi Papoyan tərəfindən Azərbaycan benzininin ölkə bazarında sürətlə satılması barədə səsləndirilən fikirlər regionda enerji ticarətinin yeni mərhələyə qədəm qoya biləcəyini göstərir. Bu vəziyyət gələcəkdə Azərbaycandan Ermənistana göndərilən neft və yanacaq həcmlərinin artırılması perspektivlərini, eləcə də iqtisadi əlaqələrin genişlənməsinin mümkün təsirlərini gündəmə gətirir.
Mövcud dinamika fonunda enerji sahəsində əməkdaşlığın genişlənməsi təkcə iqtisadi fayda ilə məhdudlaşmaya bilər. Artan neft tədarükü və qarşılıqlı iqtisadi asılılığın formalaşması tərəflər arasında etimadın güclənməsinə, nəticə etibarilə isə sülh prosesinin irəliləməsinə necə təsir göstərə biləcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Crossmedia.az-a açıqlama verib: "Sülh müqaviləsi bağlandığına qədər xalqlar arasında ehtimad yaradılmalıdır. Bu, bizim bəzi nümayəndə heyətlərinin Ermənistana səfəri, Ermənistanla Azərbaycan qeyri-dövlət təşkilatları nümayəndələrinin qarşılıqlı səfərləri baxımından önəmli əməkdaşlıq verir. İqtisadi əlaqələr gələcəkdə daha ciddi iqtisadi əlaqələr üçün əsasdır və əksinə, bunlar zorlanmamalıdır.
Etimad yaradılmalıdır ki, Azərbaycandan məhsul alınarsa və Azərbaycandan məhsul satılarsa, xalqların necə reaksiya verdiyi görünsün. Baxın, başlanğıcda bizim benzini almaq istəmədilər, böyük bir etiraz oldu, amma indi növbəyə dururlar. Çünki Azərbaycandan gətirilən məhsul keyfiyyətlidir və onlar üçün çox əlverişlidir.
S.Cəlaloğlu qeyd edib ki, başqa yerdən gətirilən benzinin maya dəyəri baha olduğuna görə, daxildə də baha satılır: "Bu baxımdan ermənilər üçün göydən düşmə bir fürsətdir. Yəni artıq başa düşürlər ki, geriyə yolu yoxdur, Qarabağ bir dəfəlik itirilibdir. Azərbaycan müəyyən bölgələrdə kifayət qədər imkanlarla güclüdür. Ona görə yaranmış bu fürsətdən istifadə etmək lazımdır".
Ayhan
14:03 28.02.2026
Oxunuş sayı: 741