SON DƏQİQƏ: Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır.
Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın "141" Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək.
13:35
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avtobus reyslərinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir. (report)
13:43 28.02.2026
Oxunuş sayı: 907