Azərbaycan–Türkiyə münasibətləri Cənubi Qafqaza nə verir?- Politoloq
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərini strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəldərək iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirdi. Sənəd yalnız ikitərəfli münasibətlərin istiqamətlərini müəyyənləşdirməklə kifayətlənməyib, həm də siyasi, təhlükəsizlik, iqtisadi və enerji sahələrində koordinasiyanın dərinləşdirilməsi üçün yeni çərçivə formalaşdırdı. Məhz bu kontekstdə Azərbaycan–Türkiyə əməkdaşlığının regionda dəyişən geosiyasi reallıqlar fonunda oynadığı rol, Cənubi Qafqazda sabitlik və sülh prosesinə təsiri, eləcə də gələcək strateji hədəflər xüsusi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Beynəlxalq Məsələlərin Təhlili Mərkəzinin eksperti Cavid Vəliyev Crossmedia.az-a açıqlama verib:

" Azərbaycan–Türkiyə münasibətləri 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə yeni və keyfiyyətcə fərqli mərhələyə qədəm qoydu. Müttəfiqlik haqqında bu sənəddən sonra artıq siyasi, təhlükəsizlik, iqtisadiyyat, enerji və digər sahələrdə ikitərəfli əlaqələrin gələcəyi Bəyannamədə nəzərdə tutulan istiqamətlər üzrə davam etdirilir. Bu çərçivədə tərəflər həm xarici siyasət sahəsində, həm də digər əməkdaşlıq platformalarında əlaqələrin daha sıx koordinasiya olunmasını, dərinləşdirilməsini və institusional əsasda inkişaf etdirilməsini müzakirə edir, planlaşdırır və hədəfləyirlər".
O, əlavə edib ki, ikitərəfli münasibətlərə baxdıqda, ən yüksək siyasi səviyyədən başlayaraq dövlət qurumları arasında bütün pillələrdə artan görüşlər, intensiv müzakirələr və yenilənən hədəflər gələcək strateji kursun müəyyənləşdirilməsinə xidmət edir: "Bu mənada yeni istiqamətlərin qiymətləndirilməsi ümumilikdə müsbət xarakter daşıyır və Azərbaycan–Türkiyə münasibətləri əvvəlki dövrlərlə müqayisədə daha üstün, daha institusional və daha strateji səviyyədə inkişaf edərək gələcəyə doğru irəliləyir. Eyni zamanda bu münasibətlər regionda sabitləşdirici rol oynayır. Son beş ildə dünyada və regionda baş verən geosiyasi proseslər fonunda Cənubi Qafqazın əhəmiyyəti artmış, regiona beynəlxalq diqqət güclənmişdir. Bu diqqətin artması ilə yanaşı, regiona müdaxilə etməyə çalışan qüvvələrin aktivliyi də müşahidə olunur. Bu tendensiya xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqlar şəraitində daha aydın hiss olunmuşdur. Müxtəlif dövlətlərin regiona təsir imkanlarını genişləndirmək cəhdləri fonunda Azərbaycan–Türkiyə əməkdaşlığı mühüm balanslaşdırıcı faktor kimi çıxış etmişdir. Beləliklə, Azərbaycan–Türkiyə münasibətləri hazırda Cənubi Qafqazda davam edən normallaşma və sülh prosesində sabitləşdirici və müəyyən mənada qarantor rolunu yerinə yetirir. Bu əməkdaşlıq eyni zamanda regiona kənardan müdaxilə etmək istəyən qüvvələrə qarşı siyasi və təhlükəsizlik baxımından mühüm dayaq funksiyası daşıyır. Digər tərəfdən, iki dövlətin həyata keçirməyə çalışdığı və planlaşdırdığı regional layihələr nəzərə alındıqda, bu münasibətlər sosial rifahın artmasına, humanitar əlaqələrin genişlənməsinə və ümumilikdə əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edərək regionun uzunmüddətli sabitliyinə töhfə verir".
Ayhan
11:10 26.02.2026
Oxunuş sayı: 579