Ermənistanla Azərbaycan arasında yeni müharibə nə qədər realdır?
S&P Global Ratings beynəlxalq reytinq agentliyi Ermənistan üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib. Agentliyin hesabatında bildirilir ki, bu qərarda Ermənistanla Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində müşahidə olunan irəliləyişlə bağlı gözləntilər mühüm rol oynayıb.
Sənəddə qeyd olunur ki, proqnozun yaxşılaşdırılması regionda geosiyasi və təhlükəsizlik mühitinin sabitləşməsi potensialına dair qiymətləndirməni əks etdirir. Ekspertlər hesab edirlər ki, sülh danışıqlarında əldə olunan irəliləyiş qısamüddətli riskləri azalda bilər, lakin davamlı və hüquqi baxımdan məcburi sülh sazişinin imzalanması və icrası hələ də əsas şərt olaraq qalır.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

— Hazırda Azərbaycan ilə Ermənistan arasında eskalasiya riski hansı səviyyədə qiymətləndirilir?
Mövcud vəziyyəti ümumilikdə dəyərləndirdikdə, Azərbaycanla Ermənistan arasında eskalasiya riski hazırda ən aşağı səviyyələrdən biri kimi qiymətləndirilə bilər. Son dövrlərdə keçirilən görüşlər, səsləndirilən rəsmi bəyanatlar, ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri, eləcə də humanitar və iqtisadi xarakterli addımlar, o cümlədən Azərbaycan ərazisindən neft məhsullarının, taxıl və buğdanın göndərilməsi göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində daha praqmatik və konstruktiv xətt yürütməyə çalışırlar.
— Hərbi eskalasiyanın baş verməsi tərəflərin maraqlarına nə dərəcədə uyğundur?
Hərbi eskalasiyanın yaranması nə Azərbaycanın, nə də Ermənistanın strateji və iqtisadi maraqlarına uyğun hesab olunmur. Mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda hər iki ölkə üçün sabitlik, kommunikasiya xətlərinin açılması və regional əməkdaşlıq daha prioritet istiqamətlər kimi çıxış edir. Bu baxımdan, sülh gündəliyinin qorunması və dialoqun davam etdirilməsi tərəflər üçün daha rasional seçim kimi ön plana çıxır.
— Sülh sazişinin imzalanması perspektivləri necə görünür?
Məlum olduğu kimi, sülh sazişi üzrə mətnin paraflanması prosesi artıq müəyyən mərhələyə çatmışdır. Böyük ehtimalla, Azərbaycanın irəli sürdüyü əsas tələblərdən biri olan Ermənistan konstitusiyasında mümkün dəyişikliklərin yaxın aylarda həllini tapması halında, iki ölkə arasında yekun sülh sazişinin imzalanması üçün daha əlverişli siyasi-hüquqi zəmin formalaşa bilər. Bu isə regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir.
Elmir Heydərli
11:40 25.02.2026
Oxunuş sayı: 486