Zelenski Zalujnının onun ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib
Prezident Vladimir Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının tənqidlərinə münasibət bildirib və müharibə zamanı siyasi müzakirələrə qarışmaq niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski Almaniyanın "Tagesschau" qəzetinə müsahibəsində deyib.
Zalujnının açıqlamaları fonunda hansısa seçki kampaniyasının artıq başlayıb-başlamadığı soruşulduqda, prezident məsələni səfirin özünə ünvanlamağı məsləhət görüb.
Eyni zamanda, Zelenski ona ünvanlanan tənqidləri eşitdiyini etiraf edib, lakin vurğulayıb ki, ölkə müharibə vəziyyətində olduğundan indi siyasət vaxtı deyil.
"Bu mənim mövqeyimdir. Başqaları fərqli qərar verib. Biz azad ölkəyik. Biz müstəqillik və azadlıq uğrunda mübarizə aparırıq", - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Zalujnı bu yaxınlarda bir neçə xarici media orqanına verdiyi müsahibələrdə prezident Zelenskini ilk dəfə açıq şəkildə tənqid etmişdi.
17:19 24.02.2026
Oxunuş sayı: 615