Amansız və qəddar soyqırım aktı Xocalı soyqırımı - 34 il
Nə qədər ağır olsa da və nə qədər faciəli olsa da, bir azərbaycanlı kimi, bizim hər birimiz vətəndaş olaraq borcluyuq, xalqımızın, millətimizin başına gələnləri yad edək. Yad etməliyik ən əsası ona görə ki, bizdən sonra gələn nəsil heç vaxt öz keçmişini, tarixini unutmasınlar.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və
faciəli səhifələrindən biri kimi daxil olmuşdur.
2026-cı il fevralın 26-da Azərbaycan xalqı XX əsrin
ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü yad edir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı şəhərində dinc
əhaliyə qarşı törədilən kütləvi qətliam tariximizin ən ağır səhifələrindən
biridir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev, hələ o
zaman Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu
kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Bir qədər uzaq keçmişi, tarixi yada salaraq, qeyd
etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni
millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına,
məcburi köçkünə çevrilmiş və bütün bunlar erməni separatçıları tərəfindən
kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik
torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə
Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan
hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı
sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on
minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq
Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün
cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi
nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən
ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı
elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən
müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bundan
əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı Ermənistana strateji
üstünlük və Dağlıq Qarabağın qalan şəhərlərini ələ keçirmək üçün geniş imkanlar
verirdi.
Nəhayət, bildiyimiz kimi, 1992-ci il fevralın 26-da
Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı
həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada
yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq
zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq
məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000
nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər
qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq
hər iki valideynini, 130 nəfər valideynlərin dən birini itirdi. Faciə baş verən
gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələdə
indiyədək məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb
qurtarmaq istəyərkən erməni separatçıları tərəfindən əvvəlcədən düzəldilmiş
pusqularda qətlə yetirilmişdi.
Erməni separatçılarının işğalından sonra bütün
maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından
biri kimi, sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın
edilməsi, erməni vandalizminin bariz nümunəsi olaraq, dünya mədəniyyətinə qarşı
zorakılıq aktı kimi tarixə düşdü.
Rəsmi məlumatlara görə, işğal zamanı, ictimai və şəxsi əmlakın dağıdılması və
talanması nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ
dolları məbləğində ziyan dəymişdi.
Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının
protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı erməni
separatçıları tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata
keçirilən soyqırım olduğunu təsdiqlədi.
Bu, yalnız bir şəhərin deyil, bütün bəşəriyyətin
faciəsi idi. Xocalıda törədilənlər müharibə cinayəti, insanlığa qarşı cinayət
və soyqırımı aktı kimi qiymətləndirilir.
Xocalı soyqırımının tanınması beynəlxalq aləmdə Azərbaycan dövlətinin xarici
siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımına
dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin verilməsinin təşəbbüskarı
olmuşdur. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu faciənin beynəlxalq
ictimaiyyətə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi.
1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi
Xocalı hadisələrinə “soyqırımı” kimi rəsmi qiymət verdi. Bu qərar məhz Ulu Öndər
Heydər Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. O, Xocalı faciəsini təkcə
Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır
cinayət kimi dəyərləndirirdi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyətə
başlanıldı, diplomatik kanallar vasitəsilə beynəlxalq təşkilatlarda məsələ mütəmadi
qaldırıldı.
Prezident İlham Əliyev Xocalı soyqırımı həqiqətlərinin
beynəlxalq aləmdə tanıdılması istiqamətində bu siyasəti yeni mərhələyə yüksəltdi.
Onun rəhbərliyi ilə informasiya müharibəsində ardıcıl və məqsədyönlü fəaliyyət
həyata keçirilmiş, bir sıra ölkələrin parlamentləri və beynəlxalq qurumları
Xocalı faciəsini soyqırımı və ya kütləvi qırğın kimi tanımışdır.
Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası geniş coğrafiyanı əhatə
etmiş, dünyanın müxtəlif ölkələrində anım tədbirləri, konfranslar və sərgilər təşkil
olunmuşdur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə
olunan tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası Xocalı
qurbanlarının ruhuna ən böyük ehtiram kimi qiymətləndirilir. Dövlət başçısının
rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və
quruculuq işləri, Böyük Qayıdış proqramı faciə qurbanlarının xatirəsinin
yaşadılmasının və tarixi ədalətin təmin olunmasının bariz nümunəsidir.
Həm Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, həm də
Prezident İlham Əliyevin davamlı və prinsipial siyasəti nəticəsində Xocalı
soyqırımı beynəlxalq gündəmdə saxlanılmış, bu faciənin unudulmaması və gələcək
nəsillərə çatdırılması təmin edilmişdir.
Xocalı həqiqətlərinin tanıdılması istiqamətində
aparılan fəaliyyət Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində
ardıcıl və strateji xəttin göstəricisidir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından
heç vaxt silinməyəcək. Bu faciə həm milli hüznümüz, həm də milli birliyimizin rəmzidir.
Hər il fevralın 26-da ölkəmizin hər yerində anım mərasimləri keçirilir, şəhidlərin
əziz xatirəsi ehtiramla yad edilir.
2026-cı ildə də Xocalı şəhidlərinin ruhu qarşısında
baş əyir, onların xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin.
Xocalı unudulmur, unudulmayacaq!
İlham Quliyev
YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini
10:55 24.02.2026
Oxunuş sayı: 398