Bir ‘comment’lə məhkəməyə: təhqirin cəzası nədir? - -hüquqşünasdan xəbərdarlıq
Son illər sosial şəbəkələrdə qarşılıqlı ittihamlar və təhqiramiz ifadələr demək olar ki, adi hala çevrilib. İnsanlar bəzən bir statusa yazılan şərhdə, bəzən “canlı yayım” açaraq, bəzən də paylaşım vasitəsilə bir-birini açıq şəkildə alçaldır.
Emosional reaksiyalar, şəxsi mübahisələr və hətta zarafat adı altında deyilən sözlər belə çox vaxt təhqir həddini aşır. Virtual məkanın sərhədsizliyi bəzi istifadəçilərdə məsuliyyətsizlik hissi yaradır.
Halbuki, sosial media real həyatdan ayrı deyil və burada deyilən hər söz hüquqi nəticə doğura bilər.
Bu mövzu ilə əlaqədar hüquqşunas Xəyalə Hənifəli Crossmedia.az-a açıqlama verib:

"Məhz Azərbaycan qanunvericiliyinə əsasən:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 147 və 148-ci maddələrinə əsasən: Böhtan (147-ci maddə) – şəxs haqqında bilərəkdən yalan məlumat yaymaq:
Təhqir (148-ci maddə) – şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmaq. Əgər bu əməllər internet və ya kütləvi informasiya vasitəsilə edilərsə, məsuliyyət daha ağır ola bilər (cərimə, ictimai işlər və s.).
Bəzi hallarda məsələ cinayət yox, inzibati xəta kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nə əsasən xırda xuliqanlıq və ya ictimai qaydanın pozulması hallarında cərimə və ya inzibati həbs tətbiq oluna bilər:
Hüquqşünas həmçinin sosial mediada təhqirin yolverilməz olduğunu vurğulayıb:
" Bu açıq şəkildə söymək, şəxsi alçaldan ifadələr yazmaq, şərəf və ləyaqəti ləkələyən paylaşım etmək, şəxsi məlumatları yayaraq nüfuzuna zərər vurmaq sayılır. Bu zaman zərərçəkən sübutları (şəkil, screenshot, link) toplamalı polisə və ya məhkəməyə müraciət etməli, mülki qaydada mənəvi zərərin ödənilməsini tələb etməlidir.
Ümumən təhqir şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmaqdır. Böhtan isə şəxs haqqında bilərəkdən yalan məlumat yaymaqdır.Unutmayaq ki, sosial şəbəkə virtual məkan olsa da, hüquqi məsuliyyət realdır".
X.Hənifəli tövsiyə olaraq, bildir ki, onlayn təhqirə məruz qaldığınızda Sübutları toplayıb (screenshot, link) hüquq-mühafizə orqanlarına müraciət edin:
“Məhkəmə qaydasında mənəvi zərərin ödənilməsini tələb edə bilərsiniz. Düşünsək ki, hər kəs ifadə azadlığına malikdir. Amma ifadə azadlığı başqasının şərəf və ləyaqətinin pozulması demək deyil. Hüququnuzu bilin və qoruyun".
Fatimə Məmmədova
12:37 24.02.2026
Oxunuş sayı: 907