Ailələrə şad xəbər: Uşaqpulu bərpa oluna bilər
2025-ci ildə Azərbaycanda demoqrafik göstəricilərdə müəyyən dəyişikliklər müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi-nin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən il ərzində 95 875 doğulan körpə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi-nin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrinə əsasən, 2024-cü illə müqayisədə doğum səviyyəsi azalmış, əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 10,0-dan 9,4-ə enmişdir. Statistik məlumatlara görə, doğulan körpələrin 53,1 faizini oğlanlar, 46,9 faizini isə qızlar təşkil etmişdir. Eyni zamanda, 3170 əkiz və 117 üçəm doğuş faktı qeydə alınmışdır. Bu göstəricilər ölkədə əhalinin təbii artım dinamikasının təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda artıq bir neçə ildir ki, təbii artımda ləngimə, hətta enmə tendensiyası müşahidə olunur: "Son 5 ildə Azərbaycan əhalisi 39 min azalıb və hər ilin statistik göstəricilərinə diqqət etdikdə azalma tendensiyasının davamlı xarakter alıb. Bu, insanların daha çox rahat, komfortlu və bir qədər də eqoist həyat tərzinə üstünlük verməsi ilə əlaqələndirib. Ailələr uşaq məsuliyyəti çəkmək istəmirlər. Həyat bir qədər çətindir, təkcə Azərbaycanda yox, bütün qlobal səviyyədə ailə planlaşdırılmasında və ümumilikdə təbii artımda ləngimə var. İnsanların düşüncəsi dəyişib”.
Müsahibimiz qeyd edib ki, əvvəllər uşaq ailənin başlanğıcı sayılırdı, lakin indi insanlar daha eqoist, daha komfortlu və rahat həyat yaşamaq istəyirlər və buna görə də ailə planlaşdırılmasında bir, iki, ən yaxşı halda üç uşağa üstünlük verirlər: "Bunun müəyyən fəsadları ola bilər. Orta perspektivdə səfərbərlik və əmək bazarı ilə bağlı problemlər yarana bilər. Təbii artım aşağı düşərsə, avtomatik olaraq mexaniki artım yüksələ bilər və ölkə daha çox miqrant axını qəbul edə bilər. Bu isə Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da miqrant ekspansiyası ilə nəticələnə bilər. Bunun qarşısını almaq üçün demoqrafik təşviq siyasəti həyata keçirilməlidir. Çünki təbii artımın enməsi və yeni doğulanların sayının azalması paralel olaraq yaşlı əhalinin sayının artmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycanda “Sosial xidmət haqqında” Dövlət Proqramının preambula hissəsində qeyd olunurdu ki, son 22 ildə ölkə əhalisi cəmi 26,4 faiz artdığı halda, yaşlıların sayı 99,4 faiz artıb. Bu göstəricinin ciddi rəqəm olduğunu deyən Şəfiyev bildirib ki, bu o deməkdir ki, Azərbaycan qoca əhali sırasına daxil ola bilər. Əgər yaşlı əhalinin payı ölkə əhalisi içərisində 8%-dən çoxdursa, əhali qoca əhali sayılır. Hazırda Azərbaycanda yaşlıların payı təqribən 8% ətrafındadır. “Sosial xidmət haqqında” qanunda yaş həddi 70 yaş kimi göstərilsə də, 65 yaşdan yuxarı əhalinin payı təxminən 11% ətrafındadır".
Sosioloqun fikrincə, bu, o deməkdir ki, Azərbaycanda əhali artıq qoca əhali hesab oluna bilər və bu da dövlət üçün əlavə maliyyə yükü deməkdir: "Çünki pensiyaların sayı artır, amma yeni doğulanların və əmək qabiliyyətli insanların sayı azalır. Bunun qarşısını almaq üçün ilk növbədə “uşaq pulu” adlanan sosial müavinətlərin bərpa olunması vacibdir. ABŞ-də Prezident Donald Trampın 2026–2028-ci illər üçün aztəminatlı və median əmək haqqı 150 min dollardan aşağı olan ailələrdə doğulan uşaqlar üçün 1000 dollar məbləğində vəsaitin hesaba köçürülməsi və həmin vəsaitin depozit kimi qiymətli kağızlar bazarına yönəldilməsi ilə bağlı proqram qəbul etdiyini xatırladıb. Bildirib ki, uşaq böyüdükdən sonra həmin vəsaitdən istifadə edə bilər. Azərbaycanda da 1000 dollar olmasa belə, məsələn, 100 manat yeni doğulan uşaqlar üçün hesaba köçürülə bilər və bu, həvəsləndirici tədbir ola bilər. Eyni zamanda “uşaq pulu”nun bərpası və ya hər uşağa görə diferensial müavinətlərin verilməsi mümkündür. Qardaş Türkiyə Respublikasında demoqrafik təşviq siyasətində bələdiyyələr və dövlət orqanları gənclərin toy xərclərini öz üzərlərinə götürür və ya güzəştli, faizsiz kreditlər təqdim edirlər ki, gənc ailələr mənzil sahibi ola bilsinlər. Onun fikrincə, belə addımlar Azərbaycanda da atıla bilər".
Sosioloq bildirib ki, eyni zamanda ailəli insanlara iş karyerasında müəyyən üstünlüklər verilə bilər: "Hazırda Azərbaycanda 5-dən çox uşağı olan ailə çoxuşaqlı ailə sayılır və parlamentdə müzakirə olunur ki, bu anlayış 3-dən çox uşağı olan ailələrə də şamil edilsin. Belə olarsa, çoxuşaqlı ailələrə şamil olunan imtiyazlar 3 uşaqlı ailələrə də aid ediləcək. Bu kimi addımlar demoqrafik artımı stimullaşdıran həvəsləndirici tədbir ola bilər".
Mehriban Yariyeva
15:22 23.02.2026
Oxunuş sayı: 774