ABŞ ilə İran arasında böyük müharibə başlayacaq? - Orijinal yanaşma
ABŞ administrasiyası həftəsonu İrana hərbi zərbə endirmə imkanlarını nəzərdən keçirir, lakin hələlik yekun qərar verilməyib. "CBS News"un mənbələrinə istinadən bildirildiyi kimi, milli təhlükəsizlik aparatının əməkdaşları Prezident Donald Trumpa ordunun şənbə günü mümkün əməliyyatlara hazır olduğunu məlumat veriblər, lakin hər hansı hərəkətin vaxtı dəyişə bilər.
Ağ Ev potensial hücumun eskalasiya risklərini və siyasi-hərbi nəticələrini diqqətlə qiymətləndirir, bu isə qərarın hələ tam formalaşmadığını göstərir.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb: "ABŞ-nin həftəsonu İrana zərbə endirmək imkanını araşdırması ilə bağlı yayılan məlumatlar geosiyasi baxımdan ciddi siqnaldır, lakin bu mərhələdə məsələ qərar yox, ehtimal səviyyəsində qiymətləndirilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ administrasiyası İranla bağlı artan gərginlik fonunda hərbi variantı masada saxlayır. Bu, Vaşinqtonun klassik təzyiq strategiyasının tərkib hissəsidir: diplomatik danışıqlar paralelində hərbi güc nümayişi. Lakin “imkanın araşdırılması” avtomatik olaraq əməliyyat qərarı demək deyil. Eyni zamanda prosesdə bir neçə faktor da ciddi əhəmiyyət daşıyır. Birincisi, ABŞ-nin bölgədəki hərbi mövcudluğu və Pentaqon tərəfindən alternativ ssenarilərin işlənməsi texniki baxımdan zərbənin mümkün olduğunu göstərir. ABŞ ordusu belə əməliyyatları planlaşdırma baxımından qısa müddətdə icra edə biləcək imkanlara malikdir. İkincisi, son qərar yalnız prezident səviyyəsində verilir. Əgər hazırkı administrasiyanın rəhbəri kimi Donald Trump hərbi əməliyyata siyasi təsdiq verməsə, planlar kağız üzərində qalır. ABŞ-da belə qərarlar daxili siyasi balans, Konqres reaksiyası və seçki faktorları ilə də ölçülür. Üçüncüsü, İranla dolayı və ya birbaşa təmasların davam etməsi hərbi eskalasiyanın hələ alternativsiz olmadığını göstərir. Diplomatik kanal tam bağlanmayıbsa, Vaşinqton adətən hərbi variantı son mərhələyə saxlayır. Dördüncüsü, İran ABŞ zərbəsinə simvolik yox, cavab xarakterli reaksiya verə bilər. Bu isə yalnız iki ölkə arasında məhdud əməliyyatla bitməyərək regional genişlənmə riskini artırar – Hörmüz boğazı, İsrail faktoru, Körfəz ölkələri və enerji bazarları dərhal təsir altına düşər".
Elmir Heydərli
13:52 23.02.2026
Oxunuş sayı: 542