Ailə və milli dəyərlər dövlət qədər müqəddəsdir
Azadlıq, demokratiya, fikir azadlıqları söyüş deyil, təhqir deyil... Azad olmaq günah hissini dərk etməkdir, məsuliyyətdir, başqalarını anlamaq, dialoq hissinə malik olmaqdır.
Bizim xalqın tarixin dərinliyindən gələn dəyərləri var, kişi kişinin mərhəminə toxunmaz, böhtan atmaz, aşağılamaq, məgər bizim üçün yalnız simvoldur, müqəddəsdir? İnsanımıza, Dövlətimiz, Bayrağımız, Torpaq və digər dəyərlərimiz müqəddəs olduğu kimi ailə dəyərlərimiz də məgər müqəddəs deyil? Sosial şəbəkələr İqtidar - müxalifət münasibətləri məgər bizim dəyərlər deyil?
Bir neçə gün üstü örtülü, qismən elmi- publisist üslubda bu münasibətlərə toxunmuş, söyüş kampaniyasının arxasında təbliğ olunan mənəvi Nihilizmdən bəhs etmişdim. İndi isə tam açıq, çılpaq yazıram, belə Vulqar dil oyunu, dil pozğunluğu, mənəvi terrora son qoyulmalıdır. Bu dövlət və onun ali insanları, atributları bizimdir, biz onlara qarşı olan hücumları dəf etməliyik.
Qərb demokratiyasından istifadə edərək, insanları, dəyərləri, şəxsiyyət və ailələri təhqir etmək bizim milli dəyərlərə yaddır... Bu azadlıq yox, köləlikdir, bu ucalıq yox, alçaqlıqdır, alçala - alçala ucalmaq olmaz!
Bu günahdır, mənəvi yoxolmadır, Tanrıya, Dəyərlərə, Dövlət və Onun atributlarına Ata - babalarımızın ruhuna hücum və həqarətdir, bunun qarşısını biz almalıyıq, sözün, dilin, dialoqun, insanı kommunikasiyanın fitrətinə sığınaraq almalıyıq.
Məgər Azadlıq və demokratiya, dəyərlər və varoluş bu qədər ucuzdur, hüququn və dəyərlərin təhqir olmasına bu qədər dözmək olar?
Biz iddia etmirik ki, Ölkəmizdə hər şey ən yüksək səviyyədədir, təbii ki, problemlər, cağirişlar, nailiyyətlər və bəzi sahələrdə uğursuzluqlar da var. Amma gəlin tanrı naminə, insan və onun dəyərləri naminə etiraf edək ki, 30 illik müddət ərzində məhz bu Dövlətin gördüyü işlər hesabına biz 300 illik yolu sıçrayışla keçmişik. Baxın, bizim azadlıq və sosial zirvə hesab etdiyimiz qərb cəmiyyətində Epşteyin olayları bizim kimi cəmiyyətdə baş verən bilərdimi? Əsla! Çünki, bu xalqın məmuru da, oğrusu da, hedonisti də, kasıbı da, varlısı da, həmişə dəyərlərə söykənib, təbii ki, cəmiyyət mürəkkəb bir strukturdur, insan nəfsdən, nəfsani instinkdən ibarətdir. Biz olduğumuz kimiyik, ideal deyilik, ideal olmaq Tanrıya məxsusdu.
Təbii ki, mən burda tərif olaraq heç bir ifadə işlətmək istəməzdim, problemlərimiz varmı? Bəli var, məmur biganəliyi, sui- istifadələr və s. kifayət qədərdir. Biz tarixi tam külli halında qəbul etməliyik, Azadlıq dözüm deməkdir, yoldur, hörmət, etimad, inam və birgə zəhmət deməkdir, baxın nə qədər məmurlar barədə cinayət işləri açılır, etdiyi əməllərə görə cavab verirlər, məgər bunlar sorğu, hesabat deyilmi? Bu Dövləti yaradanlar bilirdilər ki, bu ağır və mürəkkəb yoldur, siyasət və siyasi xadim olmaq övliya olmaq deyildir, övliya inzivaya çəkilərək müqəddəs görünə bilər, iş görmək, dövlət qurmaq isə asan deyildir. Dövlət ailədir, təsisatdır, o mürəkkəb quruluşa malik dəyərdir.
Məgər, tarixən ailənin içərisində baş verən çatışmazlıqları bizim ata - babalarımız kəndin ortasında çıxaraq qışqıra - qışqıra ictimailəşdirməklə problemlərini həll edirdilər?
Bu bizim əxlaqımıza, mənəvi dəyərlərimizə ziddir, bu kədərdir, mənəvi çöküşdür, söyüş, vulqar dil, ailə dəyərlərimizə, mərhəm olanlarımıza qurşaqdan aşağı vurulan zərbədir. Utanmaq, utanmaq bacarığı azad insana məxsusdur, söyüşlə, təhqirlərlə azadlığa çatmaq olmaz. Tanrının yaratdığı dəyərlərə qarşı çıxmaq olmaz, insan utanmağı bacarmalıdır, mərhəmlik, intimlik insanın ekzistensiyadıdır, onun faş olunması, ucalıq yox alçaqlıq gətirir, mənəvi çöküşü, şəri, pisliyi tərənnüm edir
Xalq olaraq, ziyalı olaraq, azad və məsuliyyətli insan olaraq bu məsələyə münasibət bildirməliyik, bu söyüş kampaniyasının həyata keçirənləri kimsə dayndırmalıdır: inandırmalıdır belə mübarizə olmaz, onlar anlamalıdırlar ki, belə olmaz! Onlar bizim xalqın minillik dəyərlərini, milli kimliyini, identikliyini hədələyirlər. Bu hədələr şəxsi deyil, ictimaidir, dəyərlərdir!
Günah hissinə malik olmayan şəxsin azadlıq hissi ola bilməz. Azadlıq məsuliyyətdir, Avropanın demokratiyasıdan elmi - texniki vasitələrin imkanlarından istifadə edib, rəzaləti, təhqiri təbliğ edərək ucalmaq olmaz. Belə ucalıq hələ heç kəsə şərəf və ləyaqət gətirməyib!
Zərdüşt belə bir məqamda deyərdi: "Xoş halımıza daha nə dərdimiz var?!" deyən cahillərin keyfi ala buluda qalxacaq...
Şölət Zeynalov
09:52 23.02.2026
Oxunuş sayı: 1191