Niyə hər kəsə “hə” deyirik ?
“Hə.”
Həyatımız boyu bu söz bəlkə də dilimizdən düşmür. Biri bizə “Yaxşısan?” sualını verəndə çox zaman düşünmədən “Hə” deyirik. Bəs, doğrudanmı yaxşıyıq? Yoxsa bu cavab, sadəcə bir müdafiə mexanizmidir? Bəlkə də bu tək kəlməlik “Hə” ilə insanlardan özümüzü qorumağa çalışırıq. Bəs başqalarını məmnun etmək üçün dediyimiz “Hə” necə?
Bəzən sadəcə “Yox” demək kifayət edir. Lakin hərdən o 3 hərfli sözü nə etsək də ağzımızdan çıxarda bilmirik. “Hə” cavabını rahatlıq tapmaq, konflikti uzaqlaşdırmaq bəzən də sadəcə sevilmək və qəbul olunmaq üçün veririk. Bu hal artıq gündəlik həyatımızın bir parçasına çevrilib.”People pleaser”, yəni başqalarını razı salmağa çalışan insan modeli.
“People pleaser” nədir?
Bu tip insanlar, başqalarının məmnuniyyətini öz istəklərindən üstün tuturlar. Onlar üçün “Yox” demək, qorxulu yuxu kimidir. Çünki onlar istədikləri kimi yox, gözlənildiyi kimi davranırlar. Bu cür insanlar, başqaları tərəfindən təsdiq edildikdə emosional rahatlıqlarını tapırlar. Sosial həyatlarında, münasibətlərində sevilmək və görülmək üçün qarşılıq verməyə məcbur olduqlarını düşündüklərindən daim fədakarlıq edirlər. Amma qarşılıq vermək istəyərkən, özlərindən bir şey qalmadığının fərqində olmurlar. Bəs biz niyə insanları məmnun etmək istəyirik?
Bu davranış hardan gəlir?
İnsanları daim məmnun etmək arzusu çox zaman ailə faktoru ilə əlaqəlidir.Uşaqlıq dövründə daha çox ziddiyətli valideynlərlə böyüyən uşaqlar onlarla münasibətlərini qorumaq üçün özlərində “məmnun etməliyəm ki, sevilim” fikrini formalaşdırırlar.Əslində bu davranışın təməlində tərk edilmə qorxusu dayanır. Çünki, valideynini məmnun etməzsə, sanki sevilməyəcəkmiş kimi hiss edərlər. Nəticədə bu qorxu onu həmişə “Hə” deməyə vadar edir. Belə valideynlərlə böyüyən uşağa, “dediklərimizi edərsənsə dəyərli olarsan” mesajı ötürülür. Buna görə də uşaq başqalarını məmnun etməyə öyrəşərək böyüyür və sonluqda “people pleaser” adlandırdığımız sindrom yaranır. Eyni zamanda, bəzi hallarda bu davranışın arxasında şüuraltı özgüvən əksikliyi də yatır.
Necə dəyişə bilərik ?
Sərhədlər yalnız ölkələr üçün deyil, insanlar üçün də keçərlidir. Hər “Yox” demək bir sərhəd çəkməkdir. Və bu sərhəd, özünü qorumağın ən sakit, amma ən güclü yoludur. Bu bizi pis insan etməz. Hər dediyimiz “Yox”, içimizdəki uşağa deyilmiş bir “Hə”dir. Hər kəsi məmnun edə bilmərik, heç etməyə də çalışmamalıyıq. Hər zaman onlarla eyni düşüncədə olmaq məcburiyyətində deyilik. Belə hallarda içinizdə günahkarlıq hissi yarananda dərin bir nəfəs alın və “Mən dəyərliyəm və hər kəsi razı salmaq kimi məcburiyətim yoxdur” ifadəsini özünüz üçün səsləndirin.
Bəzən nə etsəniz də həyatınızda məmnun olmayan insanlar olacaq. Ona görə də hər kəsi razı salmaq cəhdini bir kənara qoyub, bir az da özümüzü dinləməyin vaxtıdır. Bəs biz nə istəyirik?
Psixoloq Nuray Əliyeva
İnstagram : psy.nurayaliyeva
10:04 23.02.2026
Oxunuş sayı: 943