Milan–Kortina-2026 Qış Olimpiya Oyunlarına möhtəşəm yekun
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları başa çatıb. Bağlanış mərasimi UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Verona Arenasında keçirilib. “Grand Finale” adlı bədii proqram İtaliyanın mədəniyyətini və idman ruhunu nümayiş etdirib, daha sonra idmançılar paradı baş tutub və Olimpiya məşəli söndürülüb.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kristi Koventri Olimpiya bayrağını 2030-cu il Qış Oyunlarına ev sahibliyi edəcək Fransaya təqdim edib və Milan–Kortina-2026-nı bağlı elan edib.
Oyunlarda 92 ölkədən 3 minə yaxın idmançı 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparıb. Medal sıralamasında Norveç 41 medalla birinci, ABŞ 33 medalla ikinci, Niderland isə 20 medalla üçüncü olub. Ev sahibi İtaliya 10 qızıl medal qazanaraq dördüncü yeri tutub.
Azərbaycanı iki idmançı təmsil edib. Fiqurlu konkisürən Vladimir Litvintsev qısa proqramda 63,63 xal toplayaraq ilk 24-lüyə düşə bilməyib. Dağ xizəkçisi Anastasiya Papatoma isə slalom yarışlarında 51-ci yeri tutaraq Azərbaycan üçün bu növdə tarixi nəticəyə imza atıb.
Növbəti Qış Olimpiya Oyunları 2030-cu ildə Fransa Alplarında, 2034-cü ildə isə ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçiriləcək.
Türkanə Muradlı
04:00 23.02.2026
Oxunuş sayı: 499