Elektromobillərə tələbat artır- Şərh
2025-ci ildə Azərbaycana yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən 2028 ədəd elektromobilin idxal edilməsi və bu məqsədlə 62 milyon ABŞ dollarından artıq vəsaitin xərclənməsi ölkədə alternativ nəqliyyat vasitələrinə marağın artdığını göstərən mühüm göstəricilərdən biri kimi diqqət çəkir. Qlobal miqyasda yaşıl enerji siyasətinin güclənməsi, ekoloji tələblərin sərtləşməsi və yanacaq xərclərinin optimallaşdırılması istiqamətində aparılan siyasət fonunda elektromobillərin Azərbaycan bazarında payının genişlənməsi artıq yeni nəqliyyat trendi kimi formalaşmağa başlayıb.
Bu kontekstdə əsas müzakirə mövzusu idxal olunan elektromobillərin yerli istismar şəraitində özünü nə dərəcədə doğrultması, infrastruktur və texniki xidmət imkanlarının bu artıma uyğun olub-olmaması, eləcə də 2026-cı ildə elektromobil idxalının daha da genişlənməsi ehtimalının hansı amillərdən asılı olmasıdır. Bu suallar elektromobil bazarının gələcək dinamikasını müəyyən edən əsas faktorlar kimi ön plana çıxır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib:

"Elektromobillərin və oxşar mühərrik quruluşuna malik nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi artıq müsbət tendensiya kimi qiymətləndirilir və bu istiqamətdə atılan addımlar pozitiv nəticələrə gətirib çıxarır. Bu məsələnin bir neçə mühüm faktoru mövcuddur. Adətən elektromobillərin və elektriklə işləyən, yarı ənənəvi yanacaq mühərrikinə malik nəqliyyat vasitələrinin əsasən Çin istehsalı olduğu düşünülür. Lakin bu yanaşma tam doğru deyil. Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə yanaşı, ABŞ və Avropa dövlətlərində istehsal olunan avtomobillər də ölkəyə idxal edilir. Yəni bu sahəni yalnız Çin istehsalı ilə əlaqələndirmək düzgün olmaz. Bununla yanaşı, bu nəqliyyat vasitələrinin özünəməxsus texniki parametrləri, konstruktiv xüsusiyyətləri və mexanizmləri mövcuddur".
O söyləyib ki, bu avtomobillərin ölkəyə gətirilməsi və istifadəsinin genişlənməsi üçün yol hərəkəti sistemində onların perspektivinin artırılması mühüm əhəmiyyət kəsb edir: "Hazırda Azərbaycanda istismar olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti bu tip avtomobillərin perspektivli olduğunu göstərir. Həmin nəqliyyat vasitələri ölkədə özünü doğrultmuş, praktik həllər təqdim edən və dünya bazarında sınaqdan keçmiş avtomobil markaları tərəfindən istehsal olunur.
Belə olan halda, bu tendensiyanın alqışlanması və dəstəklənməsi təbii qarşılanmalıdır. Bunun əsas səbəblərindən biri ölkədə avtomobil parkının orta yaşının azalması, yəni avtomobillərin “cavanlaşmasıdır”. Bu proses həm ekoloji baxımdan müsbət təsir göstərir, həm də müasir ekoloji standartlara uyğunluğun təmin olunmasına xidmət edir. Ümumilikdə, bu yanaşma perspektivli və özünü doğruldan bir istiqamət kimi qiymətləndirilir.
Bu səbəbdən “yaxşı varsa, niyə yaxşıdan imtina edək?” prinsipi əsas götürülməlidir ki, yanaşma daha konstruktiv, obyektiv və ümumi baxımdan balanslı olsun".
Ayhan
17:50 21.02.2026
Oxunuş sayı: 571