Bakı-Belqrad: Geoiqtisadi tərəfdaşlıq
Fevral ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi baxımından mühüm hadisədir. Bu səfər iki dost və tərəfdaş ölkə arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu eyni zamanda hər iki ölkənin xarici siyasət strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir, verilən bəyanatlar iki ölkəarasındakımünasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini yeni mərhələyə daxil olmasının yüksək keyfiyyətini bir daha nümayiş etdirdi. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev çıxışında iki ölkə rəhbərləri arasında formalaşmış səmimi münasibətlərin dövlətlərarası münasibətlərin inkişafına mühüm təsir göstərdiyini vurğulamışdır: “...Siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır”.
Təbii sərvətləri məhdud olan Serbiyada həyata keçirilən islahatlar iqtisadi, sosial, mədəni, siyasi sahədə mühüm uğurlar əldə etmiş, beynəlxalq arenada nüfuzunu artırmışdır. Bütün bu faktorlar sübut edir ki, tərəfdaşlıq geostrateji məzmun cəhətdən də maralıdır. Prezident Aleksandar Vuçiçin bildirir ki: “...2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq. Mən hesab edirəm ki, bu, Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir”. Təbii ki, bu münasibətlər siyasi, iqtisadi, sosial və digər sahələrdə də uğurlu əməkdaşlığın formalaşmasına zəmin yaradır.
Azərbaycan və Serbiyanın qlobal məsələlərdə birgə fəaliyyəti beynəlxalq platformalarda mövqeylərinin dəstəkləməsi qarşılıqlı həmrəylik nümayiş etdirir. İqtisadiyyatın müxtəlif qollarını- enerji, elektrik istehsalı, kənd təsərrüfatı, ticarət sahəsinə olan maraq göstərir ki, bu sahələrdə birgə layihələrin həyata keçirilməsi praktik şəkildə öz töhfələrini verir. Azərbaycanın Serbiyaya investisiya qoymaq niyyəti ölkələr arasında iqtisadi əməkdaşlığın mühüm addımlarından hesab olunur. Bu əməkdaşlıq Serbiyanın enerji mənbələrinin genişlənməsinə, elektrik stansiyalarının tikintisinə, regionda enerji təhlükəsizliyinin möhkəmlənməsinə əvəzsiz xidmətdir. Azərbaycanın enerji infrastruktur layihələri uzunmüddətli iqtisadi inkişafı təmin edən əsas amillərdən hesab olunur. Həmçinin Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağı mühüm istiqamətlərindən biridir. Bu layihə təbii resursları məhdud olan ölkə üçün enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması, qaz ixracının artırılması, qazın elektrik enerjisinə çevrilməsi Serbiyanın daxili bazar imkanları üçün yeni perspektivlər açır.
Hər iki dövlət başçısı arasında qarşılıqlı müqavilələrin davam etdirilməsi haqda razılıq yeni layihələrin, investisiya təşəbbüslərinin, çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradacaq. Bu baxımdan Serbiya–Azərbaycan əməkdaşlığı regional enerji xəritəsində yeni geoiqtisadi balans formalaşdırır. Serbiya ilə əlaqələrin inkişafı regionlararası əməkdaşlığın güclənməsinə, sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amildir. Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç ilə ali səviyyədə keçirilən görüşləri, aparılan geniş tərkibli danışıqlar və səsləndirilən mesajlar bu münasibətlərin dərin məzmun daşıdığını bir daha təsdiqlədi. Avropada keçirilən bu görüşdə Azərbaycan geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə etibarlı tərəfdaş, məsuliyyətli beynəlxalq aktor kimi öz mövqeyini bir daha sübut edir.

Afaq Sadıqova
Bakı Dövlət Universitetinin elmi işçisi
13:02 20.02.2026
Oxunuş sayı: 464