Paşinyan sülhə tələsir, Türkiyə və Rusiya "kozırlarını paylaşır": Cənubi Qafqazda nə baş verir?
Son zamanlar Cənubi Qafqazda ciddi proseslər müşahidə olunur. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərdən belə məkum olur ki, süh geridönməz prosesdir. İndi əsas məsələ yekun sülh sazişinin nə zaman, harada və hansı şəraitdə imzalanacağıdır?
Türkiyəli politoloq Umur Tuğay Yücel bu barədə Crossmedia.az-a müsahibə verib:
- Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə deyib ki, parlament seçkilərindən əvvəl də Azərbaycanla sülh sazişi imzaana bilər. Onun bu fikirlərini necə qiymətləndirirsiniz?
- Paşinyanın seçkilər yaxınlaşdıqca sülh müqaviləsi imzalana biləcəyi barədə açıqlaması, çox güman ki, qəsdən edilmiş siyasi addımdır. Birincisi, bu açıqlama gündəmi müəyyən etmək üçün bir strategiya ola bilər. Hesab edirəm ki, Paşinyan özünü sülh gətirən bir lider kimi təqdim etməklə müxalifətin təhlükəsizliklə bağlı tənqidlərinə qarşı çıxmağı hədəfləyir. Bundan əlavə, bu mesaj həm Bakıya, həm də prosesdə iştirak edən xarici aktorlara "sülhə hazırıq" siqnalı verə bilər. Sülh iradəsinin açıq şəkildə bəyan edilməsi diplomatik danışıqlar gücünü artırmağı da hədəfləyə bilər. Bundan əlavə, ictimaiyyəti mümkün razılaşmaya psixoloji cəhətdən hazırlamaq da bu məqsədlərin bir hissəsi kimi qəbul edilə bilər. Həqiqətən, bu açıqlama həm daxili ictimai rəyi istiqamətləndirmək, eyni zamanda xarici aktorlara mesaj göndərmək və seçkilərdən əvvəl onun siyasi mövqeyini gücləndirmək məqsədi daşıya bilər. Riskli olsa da, susqunluq və hərəkətsizlik Paşinyan üçün daha böyük risk kimi qəbul edilir.
- Ümumiyyətlə, Paşinyanın şanslarını necə qiymətləndirirsiniz?
- Onun seçkilərdəki şansları təhlükəsizlik, iqtisadiyyat və müxalifətin vəziyyəti ilə əlaqələndirilməlidir. Sərhəddə böhran olmazsa və sülh prosesi irəliləyərsə, o, "sabitlik" ritorikası ilə üstünlük qazana bilər. İqtisadiyyatda nəzərəçarpacaq dərəcədə yaxşılaşma ona dəstəyini qorumağa kömək edərdi. Lakin ən böyük üstünlük müxalifətin parçalanmış görünməsidir. Güclü və vahid alternativ ortaya çıxmazsa, qalib gəlmək şansı yüksəkdir.

- ABŞ regiondakı sülh prosesinə neəc töhfə verə bilər?
- ABŞ Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesində birbaşa aktyor deyil. Bununla belə, o, vasitəçi və balanslaşdırıcı kimi çıxış edir. Vaşinqton tərəfləri bir araya gətirməklə diplomatik zəmin yaradır və prosesin Rusiya tərəfindən inhisara alınmasının qarşısını almağa çalışır. Strateji olaraq, Azərbaycanla enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı qoruyarkən Ermənistanla münasibətləri gücləndirir. Regional ticarət və enerji marşrutları baxımından davamlı sülhü dəstəkləyir.
- Bəs Ankara?
- Türkiyə Azərbaycan-Ermənistan normallaşma prosesində ən təsirli aktorlardan biridir. Ankaranın Bakı ilə strateji müttəfiqliyi dolayı yolla sülh prosesindəki tarazlığa təsir göstərir. Türkiyə ilə Ermənistan arasında danışıqlar Azərbaycan-Ermənistan prosesi ilə paralel olaraq irəliləyir. Davamlı sülh sərhədlərin açılması, ticarət və nəqliyyat dəhlizləri baxımından Türkiyənin maraqları ilə uzlaşır. Əslində, Türkiyənin arzusu İrəvanın həm Ankara, həm də Bakı ilə münasibətləri normallaşdırmasıdır.
- Sizcə, Rusiya bütün bu proseslərə səssiz yanaşacaq?
- Rusiyanın Ermənistana təzyiqini artırma ehtimalına baxmayaraq, Türkiyə həmişə olduğu kimi çox balanslı və çoxşaxəli strategiya yürüdəcək. Diplomatik əlaqələri artırmaqla və Qərb aktorları ilə əlaqələndirmə yolu ilə Moskvanın təsirini məhdudlaşdırmağa çalışa bilər. Azərbaycanla sıx əməkdaşlıq yolu ilə dolayı yolla çəkindirmə təmin edə və iqtisadi və nəqliyyat layihələri vasitəsilə Ermənistana alternativ yollar təklif edə bilər. Bir sözlə, Türkiyə Rusiyaya açıq şəkildə meydan oxumaqdansa, balanslaşdırıcı rola üstünlük verəcək.
13:05 20.02.2026
Oxunuş sayı: 712