Binalarda yanğınlar niyə çoxalıb?
Son zamanlar ölkə ərazisində yaşayış binalarında və evlərdə yanğın hadisələrinə tez-tez rast gəlinir. Dünən də paytaxtın Nizami küçəsində yenidən yanğın baş verib. Hadisə bir daha binalarda yanğın təhlükəsizliyi məsələsinin aktuallığını gündəmə gətirib.
Mütəxəssislər bildirirlər ki, bu cür halların baş verməsində əsas səbəblərdən biri yanğına qarşı mühafizə sistemlərinin ya ümumiyyətlə quraşdırılmaması, ya da keyfiyyətsiz materiallardan istifadə olunmasıdır.
Bu barədə İşadamları Cəmiyyəti Milli Assosiasiyasının (İCMA) üzvü, inşaat materialları və sistemləri üzrə mütəxəssis Natiq Aydayev Crossmedia.az-a açıqlama verib:

"Binalarda yanğınların baş verməsinin əsas səbəblərindən biri yanğına qarşı mühafizə sistemlərinin quraşdırılmamasıdır. Bəzi binalarda bu sistemlər ümumiyyətlə yoxdur, bəzilərində isə keyfiyyətsiz materiallardan istifadə olunur. Həmin materiallar əsasən Çin standartlarına uyğun, ucuz və keyfiyyətsiz məhsullar olur. Bu cür məhsullar sadəcə “olsun” deyə quraşdırılır. Lakin yoxlayıcı qurumlar bu məsələyə ciddi yanaşmır. Nəticədə, iş işdən keçdikdən sonra yanğın hadisələri baş verir”.
Ekspert bildirib ki, beynəlxalq sertifikasiyadan keçmiş və müvafiq sənədləri olan materialların quraşdırılması vacibdir. Binada yanğının baş verməsinin digər səbəbi isə izolyasiya üçün yanan məhsullardan istifadə olunmasıdır. Bu səbəbdən düzgün və yanğına davamlı izolyasiya materiallarından istifadə edilməlidir".
Mütəxxəsis qeyd edib ki, Azərbaycanda da bəzi binalarda hələ də yanan materiallardan istifadə olunur.
Fatimə Məmmədova
10:46 18.02.2026
Oxunuş sayı: 566