Biz Ermənistanla münasibətlərin normallaşmasına açığıq, lakin... - MÜSAHİBƏ
Azərbaycan–Ermənistan münasibətlərinin gələcək perspektivləri və regionda uzunmüddətli sabitliyin təmin olunması məsələsi hazırda beynəlxalq gündəmin əsas mövzularından biridir. Bu kontekstdə Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına verdiyi müsahibədə sülh müqaviləsinin imzalanması ilə bağlı aktual suallara aydınlıq gətirib. Dövlət başçısının açıqlamaları tərəflər arasında real vəziyyəti və mövcud siyasi-hüquqi maneələri bir daha gündəmə gətirərək, prosesin hansı şərtlər daxilində mümkün ola biləcəyini göstərir. Onun fikirləri regional təhlükəsizlik arxitekturasının formalaşmasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir
Dövlət başçısının səsləndirdiyi fikirlər politoloq, diplomat Fikrət Sadıqov Crossmedia.az-ın suallarını cavablandırıb:
— Prezident İlham Əliyevin fikrincə, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilibsə, bu Azərbaycan üçün hansı strateji üstünlükləri təmin edir?
— Dövlət başçımızın da vurğuladığı kimi, hüquqi sənəd hələ imzalanmasa da, artıq təxminən altı aya yaxındır ki, Azərbaycanla Ermənistan arasında de-fakto sülh şəraiti mövcuddur. Bu isə regional sabitlik üçün mühüm mərhələdir. Ən əsas strateji üstünlük ondan ibarətdir ki, sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur. Yəni bu prosesə ideoloji, hüquqi və siyasi əsasları biz müəyyən etmişik. Bu da gələcək danışıqların konturlarını Azərbaycanın milli maraqları çərçivəsində formalaşdırmağa imkan verir. Bununla yanaşı, sülh şəraiti regionda yeni iqtisadi layihələrin, nəqliyyat-kommunikasiya xətlərinin, təhlükəsizlik və investisiya mühitinin genişlənməsi üçün real imkanlar yaradır. Bu isə Azərbaycanın Cənubi Qafqazda aparıcı siyasi aktor statusunu daha da möhkəmləndirir.
— Ermənistanın Konstitusiyasında dəyişikliklər edilmədiyi halda belə, Azərbaycanın sülhə hazır və prinsipial mövqeyi regionda hansı diplomatik üstünlüklər yaradır?
— Azərbaycanın mövqeyi həm prinsipial, həm də çevikdir. Prinsipiallıq ondan ibarətdir ki, biz heç vaxt ərazi bütövlüyümüzə və suverenliyimizə zidd olan heç bir sənədi qəbul etməmişik. Məhz bu səbəbdən də keçmişdə irəli sürülən Madrid prinsipləri, Praqa formatı Azərbaycan tərəfindən qəbul edilmədi. Çünki bu təkliflər Qarabağın ayrıca siyasi subyektə çevrilməsi təhlükəsini yaradırdı. Digər tərəfdən, çeviklik ondan ibarətdir ki, biz öz ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdik. Bu isə beynəlxalq ictimaiyyətə göstərdi ki, Azərbaycan revanşist deyil, müharibə tərəfdarı deyil, regionda davamlı sülh istəyən dövlətdir. Bu yanaşma ölkəmizə diplomatik üstünlük qazandırır və beynəlxalq tərəfdaşların etimadını möhkəmləndirir.

— Azərbaycanın uzun illər ərzində sülhə hazır olduğunu və danışıqlarda prinsipial olduğunu göstərməsi ölkəmizin beynəlxalq nüfuzunu necə möhkəmləndirir?
— Azərbaycan uzun illər ərzində danışıqlar prosesində ardıcıl, hüquqa əsaslanan və məsuliyyətli mövqe nümayiş etdirmişdir. Biz heç vaxt beynəlxalq hüquqa zidd addımlar atmamış, lakin eyni zamanda milli maraqlarımızdan da geri çəkilməmişik. Məhz bu mövqe nəticəsində ölkəmiz güclü dövlət imici formalaşdırdı, beynəlxalq platformalarda söz sahibi oldu, regional lider statusunu təsdiqlədi. Dünya artıq görür ki, Azərbaycan yalnız hərbi qələbə qazanan yox, həm də sülhü təmin edə bilən məsuliyyətli dövlətdir.
— Prezidentin bəyanatı, Ermənistanın addımlarından asılı olmayaraq, Azərbaycanın siyasi və iqtisadi maraqlarını qorumağa necə xidmət edir?
— Prezidentin bəyanatları açıq şəkildə göstərir ki, Azərbaycan hər bir halda öz siyasi və iqtisadi maraqlarını əsas prioritet hesab edir. Biz Ermənistanla münasibətlərin normallaşmasına açığıq, lakin bu yalnız bir şərtlə mümkündür: Ermənistan rəsmi şəkildə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu baş vermədiyi təqdirdə, normallaşma prosesinin davamlı olması mümkün olmayacaq. Dövlətimizin mövqeyi aydındır: biz sülh istəyirik, biz əməkdaşlıq istəyirik, amma bu, yalnız hüquqi və siyasi təmiz əsaslar üzərində mümkündür. Bu yanaşma Azərbaycanın həm regionda, həm də beynəlxalq sistemdə strateji maraqlarını qorumağa xidmət edir.
Elmir Heydərli
16:34 17.02.2026
Oxunuş sayı: 730