Bərzani Azərbaycana dəvət olundu: Ekspert pərdəarxası məqamlardan danışdı
Azərbaycanın regional və beynəlxalq diplomatik fəallığının genişləndirilməsi istiqamətində atılan addımlar Cənubi Qafqazla Yaxın Şərq arasında yeni əməkdaşlıq imkanları yaradır. Bu kontekstdə İlham Əliyev ilə Neçirvan Bərzani arasında baş tutan görüş, tərəflər arasında siyasi dialoqun və qarşılıqlı maraqların daha yüksək mərhələyə keçdiyini nümayiş etdirir.
Münhen şəhərində keçirilən görüşdə səsləndirilən rəsmi dəvət, əlaqələrin institusional əsasda inkişafına verilən əhəmiyyəti əks etdirir. Məlumata görə, bu təşəbbüs tərəflər arasında iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni platforma rolunu oynaya bilər; xəbər Report tərəfindən yayılıb.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan regionunun başçısı Neçirvan Bərzanini Azərbaycana rəsmi səfərə dəvət etməsi regional diplomatiya baxımından diqqətəlayiq addım kimi qiymətləndirilə bilər. Görüşün Münhen Təhlükəsizlik Şurası çərçivəsində baş tutması isə məsələyə əlavə siyasi çəki verir. Bu dəvət bir neçə istiqamətdə şərh oluna bilər. Birincisi, Azərbaycan son illər xarici siyasətdə çoxtərəfli və balanslı diplomatiya xəttini gücləndirir. Yaxın Şərqdə müxtəlif aktorlarla – həm mərkəzi hökumətlər, həm də regional administrasiyalarla – paralel əlaqələrin qurulması Bakının geosiyasi manevr imkanlarını genişləndirir. İraqın federal quruluşu çərçivəsində xüsusi statusa malik olan Kurdistan bölgəsi ilə münasibətlərin inkişafı bu strategiyanın tərkib hissəsidir".
O söyləyib ki, iqtisadi və enerji aspekti diqqət mərkəzindədir: "Bu bölgə geniş enerji resurslarına malikdir və beynəlxalq şirkətlərlə aktiv əməkdaşlıq edir. Azərbaycan isə həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi təcrübəyə sahibdir. Bu baxımdan tərəflər arasında enerji menecmenti, neft-qaz infrastrukturu, logistika və investisiya sahələrində əməkdaşlıq perspektivləri mövcuddur. Bakı üçün bu, Yaxın Şərq bazarına çıxış imkanlarının genişlənməsi deməkdir. Üçüncüsü, siyasi mesaj faktoru var. Bu cür rəsmi dəvətlər göstərir ki, Azərbaycan regional proseslərdə yalnız Cənubi Qafqazla məhdudlaşmır və daha geniş coğrafiyada diplomatik fəallıq nümayiş etdirir. Eyni zamanda, bu addım İraqın mərkəzi hökuməti ilə münasibətlərə alternativ deyil, əksinə, çoxtərəfli əlaqələrin inkişafına xidmət edən paralel xətt kimi qiymətləndirilə bilər".
Elmir Heydərli
16:08 17.02.2026
Oxunuş sayı: 823