Ermənistanla yaxın aylarda sülh sazişi imzalanacaq? - Sabiq nazir təfərrüatları açıqladı
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyişlər diqqətə çatdırılıb. Azərbaycan birtərəfli qaydada Ermənistanın malların tranziti üzərindəki məhdudiyyəti aradan qaldırıb ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün zəmin yaradır. Eyni zamanda, iqtisadi əməkdaşlığın qurulmasında təhlükəsizlik tədbirlərinə diqqət, etimadın möhkəmləndirilməsi və qarşılıqlı faydanı təmin edən mexanizmlərin işlənməsi vacibdir.
Normallaşma prosesinin uğurla irəlilədiyi vurğulanıb və bunun Ermənistan siyasi rəhbərliyinin prosesə konstruktiv yanaşmasından asılı olduğu qeyd olunub. Sərhədlərdə sülhün təmin olunması və yaranmış “yeni vəziyyət” isə münaqişə şəraitinin xeyli azalması və regionda stabilliyin möhkəmlənməsini əks etdirir.
Yaxın perspektivdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Lakin Ermənistanda baş verə biləcək hakimiyyət dəyişikliyi və daxili siyasi proseslər bu prosesi ləngidə bilər. Buna görə qarşılıqlı dialoq, davamlı siyasi iradə və real addımların atılması normallaşmanın davamlı olması üçün həlledici amillər hesab olunur.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a müsahibə verib:
- Sərhəddəki mövcud təhlükəsizlik tədbirlərini necə qiymətləndirirsiniz?
- Təhlükəsizlik tədbirləri görülməlidir. Bu, önəmlidir. Hər ehtimala qarşı təhlükəsizlik baxımından belə tədbirlər, əlbəttə ki, zəruridir. Normallaşma prosesinin uğurla irəlilədiyini Prezident İlham Əliyev də qeyd edib.
- Ermənistan siyasi hakimiyyəti də bu məsələyə normallaşma prosesinin uğurla irəliləməsinə töhfə verəcək şəkildə yanaşırmı?
- Bəli, əlbəttə ki, Ermənistanın indiki rəhbərliyi, həm baş nazir, həm də onun ətrafında olan yüksək səviyyəli şəxslər bu prosesə müsbət yanaşırlar. Onlar da istəyirlər ki, Ermənistan ilə Azərbaycan arasında əlaqələr normallaşsın.
- Prezident İlham Əliyev bildirib ki, sərhədlərdə sülh qurulub, tamamilə yeni vəziyyət yaranıb deyir. Sizcə, yeni vəziyyət dedikdə nəyi nəzərdə tutulur?
- Yəni artıq müharibə ehtimalı xeyli azalıb, demək olar ki, sıfıra enib. Yəqin ki, prezident bunu nəzərdə tutur. Avqust ayının 8-də ABŞ-daə sülh müqaviləsi paraflanarkən 2026-cı ildə yekun sülh müqaviləsinin imzalanması proqnozlaşdırılmışdı.
- Ermənistanda seçkilərdən sonra hakimiyyət dəyişsə, sülh prosesi ləngiyə bilərmi? Yeni Hakimiyyət bu prosesə fərqli yanaşa bilərmi?
- Hər şey ola bilər. Lakin inanmıram ki, hakimiyyət dəyişə bilər. Çünki Ermənistanın əhalisi baş nazir Nikol Paşinyana və onun partiyasına dəstək verir. Müxalifət yürüşlərdə yetərincə insan toplaya bilmir. Ona görə gözləməliyik və seçkilərin nəticələrinə baxmalıyıq. Sülh sazişi imzalanması hər zaman mümkündür.
- Yeri gəlmişkən, Paşinyan bildirib ki, sülh seçkilərdən əvvəl də imzalan bilər. Bu nə qədər realdır?
- Sülh prosesi həqiqidir, amma mən inanmıram ki, bu seçkilərdən əvvəl baş tuta bilər. Prezident Münhendə çıxış edərkən qeyd edib ki, ilk növbədə Ermənistan öz konstitusiyasını təmizləməlidir. Hazırda konstitusiyada ərazi iddiaları var və bunların həlli seçkilərdən sonra referendumla müəyyən olunacaq.
- Əgər bu real deyilsə, Paşinyanın bu bəyanatı nə dərəcədə düzgündür və müxalifət üzərində təsiri ola bilərmi?
- Bu, ilk növbədə daxili auditoriya üçün əhalini hazırlamaq məqsədi daşıyır. Paşinyan siqnal verir ki, əgər mənim partiyam qalib gəlsə, bütün zəruri addımları atmağa və Azərbaycanla sülh sazişi bağlamağa hazıram.
Ayhan
13:05 17.02.2026
Oxunuş sayı: 734