Bu gün yalançı çərşənbədir
Novruzun ruhu təkcə bayram günləri ilə məhdudlaşmır. Keçmişdə torpaqla yaşayan insanlar üçün bu bayram uzun bir dövrü əhatə edirdi. Böyük çillə başa çatdıqdan sonra qarşıdakı bir ay iyirmi gün ərzində, yəni yeddi həftə boyunca hər çərşənbə xüsusi əhəmiyyət daşıyırdı. Zamanla bu ənənələr dəyişdi, bəzi çərşənbələr unuduldu, bəziləri isə yalnız xatirələrdə qaldı. Bayramın mərhələli şəkildə qeyd olunması isə xalqın təbiətlə olan bağını və yazın gəlişinə verdiyi dəyəri göstərirdi.
Crossmedia.az xəbər verir ki, bu mərasim özlüyündə sakit və diqqət çəkməyən bir ab-hava yaradır. Yalançı çərşənbədə gün batmağa yaxın vaxtlarda həyətlərdə böyük və gur tonqallar yox, zəif alovlanan ocaq qalayırlar. İnsanlar bunu da səssiz şəkildə edir, qapı ağzında cüzi miqdarda saman və ya küləş yandırmaqla kifayətlənirlər. Digər çərşənbələrdən fərqli olaraq, bu gün evlərdə xüsusi hazırlıq görülmür, bayram süfrəsi açılmır, qazan asılmır. Heç bir təmtəraq olmaması təsadüfi deyil – bu çərşənbə həm alovu, həm də mahiyyəti etibarilə aldadıcıdır. Elə buna görə də məişətdə iz qoymur, yalnız adı kimi keçici və formal bir görüntü yaradır.
Fatimə Məmmədova
11:48 17.02.2026
Oxunuş sayı: 1104