ABŞ və İsrailin çətin "ev tapşırığı": İran zarafatı qorxuludur
Son dövrlərdə ABŞ və İsrailin İran üzərində təzyiq strategiyaları beynəlxalq münasibətlərdə diqqət mərkəzindədir. Təzyiqlərin hərbi əməliyyatlar, iqtisadi sanksiyalar və diplomatik addımlar vasitəsilə tətbiq olunması, regiondakı güc balansına və qonşu dövlətlərin mövqelərinə ciddi təsir göstərir. Analitiklər bildirir ki, İranın mövqeyi, regionda Rusiya və Türkiyə ilə münasibətləri və daxili iqtisadi sabitliyi təzyiqlərin effektini məhdudlaşdırır, bu isə hərbi qarşıdurmanın ehtimalını azaldır. Bu kontekstdə ABŞ-nin məqsədlərinə nail olub-olmaması və təzyiq strategiyasının uzunmüddətli nəticələri hələ də açıq sual olaraq qalır.
Bu barədə Crossmedia.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, bu tipli razılıqların tez-tez şahidi olmaqdayıq:

"Yəni, zaman-zaman biz Amerikanın İrana vurmaq üçün İsrail kartından istifadə etdiyini görmüşük. Bu proses də onun davamıdır. Düşünürəm ki, Amerika hər zaman Tehrana qarşı təzyiqlərini gündəmdə saxlayıb, daim təzyiq göstərib. Amma bunun nəticəsi indiyə qədər özünü göstərib? Düşünürəm ki, xeyr. Çünki son on-on iki ildə İran Avropanın ciddi sanksiyaları altında olub və görünən odur ki, daxili iqtisadiyyatının bir qismini qoruyub saxlaya bilib. Hesab edirəm ki, Amerika bundan sonra təzyiqlər yolu ilə İran üzərində təsirini artırmağa çalışacaq. Proseslərin real döyüş şəraitinə keçəcəyini güman etmirəm. Hər halda bunun heç bir əlamətləri də görünmür. Təzyiqlər bu formada davam edərsə, nəticə əldə etmək çətin görünür. Son on iki ildə sanksiyalar və iqtisadi təzyiqlər dəfələrlə artırılıb, amma hələ ki, gözlə görünən effekt yoxdur".
Müsahibimiz əlavə edib ki, ABŞ və İsrail məqsədinə çatmaq üçün qətiyyətli olsalar və siyasi iradə ortaya qoysalar, nəticə əldə etmək mümkündür, amma indiyədək buna, görünməyib: "On iki günlük İsrail-İran qarşıdurması da göstərdi ki, müəyyən məqama qədər irəliləyə bilirlər, amma dayanmağa məcbur olurlar. Bu, məcburiyyət kimi qəbul edilir. İran isə elə bir regionda yerləşir ki, asanlıqla sıradan çıxarıla biləcək ölkə deyil. Qonşuluğunda Rusiya kimi nəhəng bir güc var və bu dövlətlə yaxın münasibətlər mövcuddur. Rusiya özünü bu regionun aparıcı qüvvəsi kimi aparır və qonşuluğunda olan bir ölkənin sıradan çıxarılmasına asanlıqla göz yummayacağını açıq şəkildə göstərir. Eyni zamanda, qardaş Türkiyə də İranın sıradan çıxarılmasında maraqlı deyil, NATO-nun kontekstində bu mövqe mühüm rol oynayır. Bütün bunların fonunda nəticə budur ki, indidən məsələ barədə danışmaq hələ tezdir. Dediyim kimi, ortada qətiyyət və siyasi iradə olarsa, nəticə əldə etmək mümkündür".
Nigar Yahyazadə
10:05 17.02.2026
Oxunuş sayı: 643