Yeni Avrasiya və köhnə təhlükəsizlik mexanizmləri…
Azərbaycan artıq sadəcə regional iştirakçı olmaqdan çox irəli gedib – biz ciddi tarixi sınaqdan çıxmış, suverenliyimizi bütün ərazimiz boyu bərpa etmiş qalib dövlətik. Bu fakt təkcə hərbi nəticə kimi yorumlanmamalıdır; bu, siyasi legitimlik, strateji özgüvən və yeni təşəbbüslər üçün mənəvi əsasdır.
Bu gün Avrasiya yeni mərhələyə keçir. Köhnə təhlükəsizlik mexanizmləri aşınır, beynəlxalq təşkilatlar islahat axtarışındadır, qlobal balans dəyişir. Belə bir dönəmdə qalib ölkələr təşəbbüs göstərmə haqqına daha çox sahibdir.
Azərbaycan həm Türk Dövlətləri Təşkilatının (TDT), həm də Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) platformunun qurucu üzvü, fəal iştirakçısı olaraq iki ayrı geosiyasi xətti birləşdirə bilən nadir mərkəzdir.
TDT – sabitliyin artan orbitləri
TDT artıq romantik mədəni birlik mərhələsini keçib; bu gün o, iqtisadi, daşımaçılıq, müdafiə sənayesi və rəqəmsal transformasiya yönlərində gerçək layihələr həyata keçirir.
Onun gücü üç sütuna dayanır:
1. Tarixi bağ və siyasi iradə,
2. Orta Dəhliz kimi strateji tranzit xətti,
3. Enerji və zəngin resurs müxtəlifliyi.
Bu təşkilat genişlənməyə açıqdır və iç sabitlik baxımından Avrasiyada ən perspektivli platformlardan biridir.
GUAM – təzyiq altında formalaşmış həmrəylik
GUAM fərqli şərtlərdə yaranmışdı. O dönəmlərdə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova üçün əsas məsələ suverenlik və ərazi bütövlüyü idi.
Bəs bugünkü gerçəklik necədir? Baxaq:
-Ukrayna aktiv müharibə şəraitindədir;
-Gürcüstan və Moldova hələ ərazi problemlərini həll etməyib;
-Azərbaycan suverenliyini tam bərpa etmiş yeganə (örnək!) üzvdür.
Bu fakt Azərbaycanın siyasi kapitalını artırır. Qalib ölkə artıq təkcə öz təhlükəsizliyini deyil, regional təhlükəsizlik arxitekturunu düşünmə imkanındadır.
Nəzəri sintez: niyə və necə?
TDT ilə GUAM-ın institusional sintezi bir gecədə baş verəcək mexaniki hadisə deyil, əlbəttə; lakin funksional inteqrasiya – yəni iqtisadi, daşımaçılıq və təhlükəsizlik koordinasiyası – gerçəkçi ssenaridir.
1. Coğrafi xəritə
Qara dənizdən Xəzərə, oradan Türküstana uzanan kəmər – dünya ticarətinin alternativ marşrutu sayıla bilər.
2. Enerji xəritəsi
Cənub Qaz Dəhlizi, Bakı–Tiflis–Qars, Orta Dəhliz – artıq faktiki birlik yaradan layihələrdir.
3. Təhlükəsizlik fəlsəfəsi
Bu ölkələrin heç biri ekspansionist deyil; hamısı ərazi bütövlüyünün müdafiəçisi kimi çıxış edir.
Yeni dünya nizamı fonu…
Qlobal sistem yenilənmə astanasındadır. Alternativ regional platformlar qaçılmazdır.
Mümkün modeli zəruri qılan əsaslar:
-Qeyri-hərbi blok,
-İqtisadi və daşımaçılıq koordinasiya mərkəzi,
-Enerji təhlükəsizliyi platformu,
-Suverenlik və sərhədlərin toxunulmazlığı prinsipi.
Bu model kiməsə qarşı olamamaqla, prosabitlik və proinkişaf modeli sayıla bilər.
Bu nəzəri blok suveren dövlətlərin öz aralarında koordinasiyası olma potensialı daşıyır.
Hətta, hansısa üzv ölkələr zəifdirsə belə, yenə də, Birlik zəifləri gücləndirən mexanizmdir; fərdi zəifliklər kollektiv gücə çevrilə bilər.
“Geosiyasi gerçəklik buna imkan verməz” – bu kimi cümlələr quranlara da cavab vardır:
Geosiyasi gerçəklik dəyişkəndir; yeni gerçəklikləri yaradan məhz təşəbbüskar dövlətlərdir.
Ad və konsept
Gələcək platform nə TDT, nə də GUAM adı daşımaya bilər.
Mümkün adları təsəvvür etməyə çalışaq:
-Avrasiya Sülh və Təhlükəsizlik Birliyi;
-Qara Dəniz–Xəzər İnteqrasiya Platformu;
-Suveren Dövlətlər Alyansı;
-Orta Kəmər Birliyi və b.
Ad dəyişə bilər, lakin məzmun dəyişməz: sabitlik, tranzit, enerji, təhlükəsizlik...
Qalib ölkə ruhunun çağırışı
Qalib Azərbaycan hadisələrin arxasınca getmir; Azərbaycan artıq hadisələrin yönünü müəyyən edən ölkədir.
Qalib ölkə ruhu yalnız keçmiş zəfəri xatırlamaqla yetinmir; qaliblər gələcəyin xəritəsini çəkir.
Əgər Qara dənizdən Türküstana uzanan xətt vahid iqtisadi və təhlükəsizlik koordinasiyasına çevrilərsə, bu, təkcə bölgəmiz üçün deyil, bütün Avrasiya üçün yeni mərhələnin başlanğıcı olar.
Bu ideya nə romantik xəyaldır, nə də avantürist layihə. Bu, mərhələli, rasional və geosiyasi baxımdan əsaslandırılmış perspektivdir.
Gün doğmadan nələr doğar…
Bizim işimiz həmişə haqq işi olub. Haqq İstanbul (Bosfor) və Çanaqqala (Dardanel) boğazları kimi incələr, ancaq üzülməz və də… Xəzərdən Qara dənizə, oradan Aralıq dənizi üzəri dünya okeanına açılar…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
18:13 12.02.2026
Oxunuş sayı: 603