Bakı öz oyununu oynayır: Rusiya Azərbaycan- ABŞ yaxınlaşmasına necə reaksiya verəcək?
ABŞ-nin vitse- prezidenti Cey Di Vensin Azərbaycana səfəri çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilir. Bir çox ekspertin fikrincə, bu, ikitərəfli münasibətləri daha da inkişaf etdirilməsi ilə yanaşı, həm də ABŞ-nin Cənubi Qafqazdakı təsir imkanlarını artıracaq. Belə bir vəziyyətdə Türkiyə və Rusiyanın proseslərə münasibəti maraq doğurur.

Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, professor Yaşar Onay söyləyib ki, bu müqaviləni Bakı- Vaşinqton münasibətlərində keyfiyyətcə dönüş nöqtəsi kimi qiymətləndirmək olar: "ABŞ ilə imzalanan bu strateji tərəfdaşlıqla Azərbaycan Qərblə əlaqələrini institutlaşdırır və manevr imkanlarını genişləndirir. Enerji, nəqliyyat və təhlükəsizlik Bakının artıq oynadığı oyunun davamıdır. Buna görə də, bu addım "tərəflərin dəyişməsi" deyil, balansı şaxələndirmək üçün bir addımdır. Əsas məqam budur: Bu müqavilə Rusiyaya qarşı açıq qarşıdurma tonu daşımır. Buna görə də, Moskvanın reaksiyası sərt olmayacaq. Rusiya əsəbiləşəcəkmi? Bəli. Amma böhranı daha da şiddətləndirməyəcək. Əksinə, "diqqət yetirəcək", Bakı ilə kanalları açıq saxlayacaq və balansı itirməməyə çalışacaq".
Müsahibimizin fikrincə, rəsmi Bakının çoxşaxəli siyasəti xüsusilə vurğulanmalı məqamdır: "ABŞ ilə strateji tərəfdaşlıq bu xəttin bir hissəsidir. Rusiya bunu bilir və çox güman ki, sərt reaksiya əvəzinə soyuqqanlı müşahidə və kompensasiya strategiyasına üstünlük verəcək. Qısacası, bu razılaşma regional tarazlığı sarsıdan deyil, onu yenidən tənzimləyən bir addımdır. Rusiya da bunu belə şərh edəcək. Narahat olmağa dəyməz".
14:45 12.02.2026
Oxunuş sayı: 566