Milyonluq mənimsəmədə ittiham olunan direktor həbs edilmədi
“Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmuş Aydın Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Aydın Hüseynovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini təklif edib.
Müşavirədən sonra məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Aydın Hüseynovun barəsində olan icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilib. Onun barəsində olan qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, istintaqla “Kömək Kredit İttifaqı"nın təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. (APA)
19:31 11.02.2026
Oxunuş sayı: 1523