Cəhənnəmi satın alan adam
Martin Lüter Avropa tarixində dini, vicdanı və mədəniyyət anlayışlarını kökündən dəyişdirən alman rahibi və ilahiyatçısıdır. 1483-cü il noyabrın 10-da Almaniyanın Eisleben şəhərində doğulan Lüter həyatının hər dövründə cəsarəti və prinsipiallığı ilə seçilmişdir. O, yalnız dini deyil, həm də sosial və mədəni sahələrdə dərin iz buraxıb.
Lüterin həyatı gənc yaşlarından dönüş nöqtəsi yaşayıb. Erfurt Universitetində təhsil alarkən yolüstü qarşılaşdığı ildırım hadisəsi onu daxildən sarsıdır və rahib olmağa qərar verir. 21 yaşında Augustinus monastırına daxil olan Lüter, ilahiyyat təhsili alır və həmin il rahib rütbəsinə yüksəlir. Vittenberg Universitetində doktorluq diplomunu alır və dərs deməyə başlayır. Bu dövr onun sorğulayıcı düşüncə tərzini formalaşdırır.
1517-ci ildə Lüterin adı bütün Avropaya yayılır. O, Roma Katolik kilsəsinin endüljans satışına qarşı çıxaraq “Doxsan beş Tezisi”ni yazır. Bu sənəd yalnız akademik debat çağırışı deyildi, həm də insan vicdanının və iman azadlığının müdafiəsi idi.
Vittenberg Saray Kilsəsinin qapısına asılması haqqında danışılan əfsanələr zamanla böyüsə də, əsas həqiqət budur ki, bu tezlər reform hərəkatının qığılcımını yandırdı və sürətlə yayıldı.
Qətiyyət və mübahisələr
Lüterin kilsəyə qarşı mövqeyi açıq və cəsarətli idi. 1520-ci ildə Papa X.Leo onu aforoz etir, amma Lüter bu qərarı qəbul etməyərək, aforoznaməni xalq qarşısında yandırır. Sonrakı illərdə İmperator V. Karlın çağırışı ilə Worms Kuruluna qatılan Lüter, heç bir təzyiqə boyun əyməyəcəyini açıq şəkildə bildirir: “Vicdanım yalnız Tanrı sözünə bağlıdır. Heç bir insan və ya qurum qarşısında yazdıqlarımdan dönməyəcəyəm”.
Lüterin bir digər əhəmiyyətli irsi onun İncili tərcüməsidir. Latın dilindən alman dilinə etdiyi çevirmə, yalnız dini bir tərcümə deyildi; bu, xalqın müqəddəs mətni anlama imkanını artırır, alman dilinin standartlaşdırılmasına böyük töhfə verir və tərcümə sənətində yeni prinsiplərin yaranmasına səbəb olur. Onun tərcüməsi, həmçinin İngiltərədə Tyndale İncili kimi əsərlərə ilham verir.
Katarina von Bora ilə evliliyi Lüterin yalnız ilahiyatçı deyil, həm də sosial və mədəni dəyişikliklərin təmsilçisi olduğunu göstərir. Bu evlilik keşişlərin evlənə bilməsi ilə bağlı yeni Protestant ənənəsinin başlanğıcı olur.
Lüterin həyatında qaranlıq bir tərəf də vardı. Sonrakı illərdə yazdığı bəzi əsərlərdə o, yəhudilərə qarşı sərt ifadələr işlətmiş, sinaqoqların yandırılmasını və yəhudilərin sürgününü müdafiə edir. Tarixçilər onun bu fikirlərinin uzun illər sonra Almaniyada antisemitizmin inkişafına təsir etdiyini qeyd edirlər.
Reformun İrsi
Martin Lüter 1546-cı il fevralın 18-də doğulduğu Eisleben şəhərində həyatını itirir. Lakin onun ideyaları, cəsarəti və prinsipləri Avropada dini və sosial həyatın köklü dəyişməsinə səbəb olur. Onun təlimləri nəticəsində Katolik kilsəsi parçalanır və yeni Protestant cərəyanları – Lütheran (Luteran), Presbiteryan və Anglikan kimi kilsələr meydana gəlir. Lüter yalnız bir ilahiyatçı deyil, həm də vicdan azadlığının, inancın və insan hüquqlarının səsini yüksəldən bir sima olaraq tarixdə qalır.
Fatimə Məmmədova
02:30 12.02.2026
Oxunuş sayı: 403