Xaçmazda ekoloji cinayət: 40 sot ərazidə ağac qırğını
Xaçmaz rayonu ərazisində təbiətə ciddi zərər vurulub, ağaclar qanunsuz məhv edilərək ərazidən daşınıb.
Crossmedia.az xəbər verir ki, Nərəcan kəndi ərazisində 12 ədəd qovaq ağacı ilə yanaşı, bir neçə digər növ ağac da kəsilib.
İddialara əsasən, hadisə bir gün əvvəl baş verib. Meşə fonduna aid olduğu deyilən təxminən 40 sot sahədə ağaclar kütləvi şəkildə məhv edilib.
Kəsilmiş materiallar yük avtomobilləri ilə daşınıb.
Həmin yükün gizlədilməsi məqsədilə nəqliyyat vasitəsinin üzəri parça ilə örtülüb. Daha sonra isə ərazidə traktor vasitəsilə hamarlama işlərinin aparıldığı bildirilir.
Sakinlər bu cür miqyaslı kəsimin Ekologiya və təbii sərvətlər regional idarəsinin nəzarətindən kənarda həyata keçirilməsinin mümkün olmadığını qeyd edərək, məsələnin hərtərəfli araşdırılmasını və təbiətə ziyan vuran şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
18:54 10.02.2026
Oxunuş sayı: 502