"Şamaxı"nın baş məşqçisi: Qarabağ"a qarşı pis mübarizə aparmadıq
Misli Premyer Liqasının 19-cu turunda "Qarabağ"a qarşı matçda (1:2) "Şamaxı" pis mübarizə aparmayıb.
Crossmedia.az xəbər verir ki, bunu "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətin üzücü olduğunu qeyd edib:
"Əlbəttə, üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, bu meydançada xarakter göstərmək lazım idi. İlk hissə oyun baxımından daha çətin keçdi, amma ikinci hissədə hava bir az düzəldi. Ümumən götürsək, pis mübarizə aparmadıq. Rəqibimiz "Qarabağ" idi, bu, bəllidir".
A.Abbasov komandanın oyunun son dəqiqələrində konsentrasiyanı itirdiyini bildirib:
"Təəssüf ki, bu çempionatda ən böyük problemlərimizdən biri oyunun sonlarında qol buraxmağımızdır. Futbolçuları buna görə xəbərdar edirik ki, konsentrasiya sona qədər olmalıdır. Biz futbolçuların inkişafını istəyirik, çünki gələcəkləri üçün bu vacibdir. Son dəqiqədə mütləq qorunmaq lazımdır, orada elə böyük bir epizod da yox idi, amma təəssüf ki, boşluq verdik".
Baş məşqçi "Qarabağ"a qarşı aqressiv oyunun vacibliyini vurğulayıb:
"Qarabağ"a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür. Təkcə onlara qarşı deyil, bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi oyunlarda bu alınmır, futbolçuların bəzilərində bu çatışmır. Amma "Şamaxı" ilk turdan bu xarakteri göstərir. Kubokun cavab oyununda bundan da çoxunu etməliyik".
Mütəxəssis son dəqiqələrdəki əvəzləmələrə də aydınlıq gətirib:
"Son dəqiqələrdəki əvəzləmələrə gəlincə, Oruc özü dəyişiklik istədi, Kərim isə yorulmuşdu. Burada səhv futbolçularda deyildi, müdafiə xəttində konsentrasiyamız çatmadı. Həmin vaxt müdafiə xəttinə əl dəymədik, hətta Abdulla yorulsa da, onu çıxarmadım ki, belə oyunda müdafiədə dəyişiklik çətin olur. Bu tək fərdi futbolçulara deyil, komanda olaraq hamıya aiddir".
17:39 10.02.2026
Oxunuş sayı: 524