İranın Zəngəzur dəhlizinə qarşı olmasının əsas səbəbi budur
Zəngəzur dəhlizi Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirə biləcək strateji açardır. Bu yalnız regional nəqliyyat marşrutu deyil, həm də Cənubi Qafqazın geosiyasi tarazlığını formalaşdıran strateji faktordur. Bu yol Azərbaycanın nəqliyyat infrastrukturunu gücləndirməklə yanaşı, regionda dövlətlərarası münasibətlərin yeni balansını da müəyyənləşdirir.
Dəhlizin açılması bu günkü regional siyasət gündəmində əsas diqqət mərkəzində olan məsələdir. Zəngəzur dəhlizi enerji təhlükəsizliyi, regional nəqliyyat əlaqələri və güc mərkəzlərinin qarşılıqlı təsiri baxımından strateji məna daşıyır. Bu baxımdan dəhlizin açılması həm regional əməkdaşlığa təkan verə bilər, həm də gərginlik mənbəyi ola bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, bu məsələdə Türkiyə və İran arasında fərqli yanaşmalar mövcuddur.

Onun sözlərinə görə, Türkiyə dəhlizin açılmasının tərəfdarıdır və hesab edir ki, bu addım Azərbaycanın və Orta Asiya ölkələrinin Türkiyə ilə əlaqələrinin inkişafına töhfə verəcək.
"Türkiyə bu istiqamətdə zəruri tədbirləri həyata keçirməyə hazırdır. Rəhbərlərin açıqlamaları da göstərir ki, bu məsələdə Azərbaycanın və Türkiyənin mövqeyi üst-üstə düşür", – deyə Ə.İbrahimov vurğulayıb.
İran isə fərqli mövqedədir.
Politoloq qeyd edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasını öz iqtisadi və siyasi maraqlarına zidd hesab edir.
"Zəngəzur dəhlizindən keçəcək yüklərin böyük əksəriyyəti İranın tranzit imkanlarını əvəz edəcək və iqtisadi zərər yaradacaq. Buna görə də İran bu prosesə qarşı çıxır və bəzi addımlar atır", – deyə Ə. İbrahimov bildirib.
O, həmçinin qeyd edib ki, İran və Rusiyanın mövqeləri bəzən üst-üstə düşsə də, fərq ondadır ki, Rusiya dəhlizin açılmasını öz nəzarəti altında görmək istəyir, İran isə ümumiyyətlə qarşıdır.
Gələcəkdə Zəngəzur dəhlizinin açılması İran-Azərbaycan, İran-Ermənistan və İran-Türkiyə münasibətlərinə təsir göstərə bilər.
Ə.İbrahimov hesab edir ki, ABŞ ilə danışıqlar və müqavilələrin imzalanmasından sonra İranın təsir imkanları minimuma enəcək və reallığı qəbul etmək məcburiyyətində qalacaq.
"Bu dəhliz həm münasibətlərin inkişafına, həm də potensial risklərə yol aça bilər", – deyə politoloq əlavə edib.
09:00 10.02.2026
Oxunuş sayı: 539