STM-in yeddi ili tamam olur
Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Fərmanı ilə yaradılmış Sosial Tədqiqatlar Mərkəzi (STM) fəaliyyətinin 7-ci ildönümünü qeyd edir.
Crossmedia.az xəbər verir ki, 2019–2025-ci illəri əhatə edən dövrdə STM sosial elmlər üzrə aparıcı beyin mərkəzlərindən birinə çevrilərək dövlət idarəçiliyində elmi əsaslı qərarvermənin gücləndirilməsinə töhfə verib. Bu müddətdə Mərkəz ictimai rəy sorğuları, analitik hesabatlar, siyasət sənədləri və arayış materialları hazırlayaraq dövlət orqanları və ictimaiyyət üçün davamlı məlumat mənbəyi formalaşdırıb.
STM tərəfindən 2019–2026-cı illər ərzində ölkənin 14 iqtisadi rayonunu əhatə edən 171 sosioloji sorğu (161 yerli, 10 beynəlxalq) həyata keçirilib, 153 mindən çox respondent tədqiqatlara cəlb olunub. Eyni zamanda, keyfiyyət əsaslı araşdırmalarda 600-ə yaxın şəxs iştirak edib.
Mərkəz “Prezidentin fəaliyyəti ictimai rəydə – İnam indeksi” layihəsi çərçivəsində ümumilikdə 15 genişmiqyaslı tədqiqat icra edib. Bu sorğular Prezident fəaliyyətinə ictimai etimadın dinamik izlənilməsinə imkan verən ilk kompleks elmi monitorinqlərdən biri kimi qiymətləndirilir.
STM dövlət proqramlarının icrasında da fəal iştirak edib. Xüsusilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində əsas icraçı qurumlardan biri olub. Bundan başqa, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlərdə də əsas icraçılar sırasında yer alıb.
Elmi fəaliyyət çərçivəsində STM tərəfindən 160-dan çox analitik hesabat, 900-dən artıq təhlil və arayış sənədi, 14 kitab layihəsi hazırlanıb, yerli və xarici jurnallarda 200-dən çox elmi məqalə dərc olunub. Mərkəzin təsis etdiyi “Sosial tədqiqatlar” elmi jurnalı isə bu dövrdə 5 sayla nəşr edilib.
STM beynəlxalq təşkilatlar – BMT qurumları, Avropa İttifaqı, Dünya Bankı və bir sıra xarici beyin mərkəzləri ilə əməkdaşlıq edərək “Türk Barometri”, “Kibertəhlükəsizlik barometri” kimi iri tədqiqat layihələri həyata keçirib.
11:06 09.02.2026
Oxunuş sayı: 508