Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr inkişaf edir - Növbəti addımlar nə olacaq?
Cənubi Qafqazda iqtisadi münasibətlərin inkişafı istiqamətində atılan addımlar regionda yeni əməkdaşlıq mühitinin formalaşdığını göstərir. Uzun illərdən sonra Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin bərpası üçün konkret mexanizmlərin müzakirə olunması, yalnız siyasi deyil, eyni zamanda iqtisadi etimadın qurulmasına xidmət edən mühüm proses kimi qiymətləndirilir.
Bu kontekstdə Azərbaycan və Ermənistan arasında qarşılıqlı tədarük üçün malların siyahısının mübadiləsi tərəflərin bazarlarının mərhələli şəkildə açılması niyyətindən xəbər verir. Məsələ təkcə ticarət dövriyyəsinin artırılması deyil, həm də regionda logistika, nəqliyyat və iqtisadi inteqrasiyanın yeni mərhələyə keçməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu barədə Crossmedia.az-a danışan ReAL Partiyasının sədri, iqtisadçı- ekspert Natiq Cəfərli söyləyib ki, Ermənistan məhsullarının Azərbaycan bazarına çıxışı yalnız müəyyən edilmiş qaydalara və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilə bilər: "Xüsusilə söhbət ərzaq məhsullarından gedirsə, bu, ilk növbədə qida təhlükəsizliyi, məhsulun tərkibi və insan sağlamlığı baxımından çox ciddi yoxlamaların aparılmasını zəruri edir. Bu, həm istehlakçı hüquqlarının qorunması, həm də daxili bazarın təhlükəsizliyinin təmin olunması baxımından əsas şərtdir. Bununla yanaşı, regionda münasibətlərin normallaşması fonunda qarşılıqlı ticarət əlaqələrinin genişlənməsi gözlənilən prosesdir. Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin formalaşması da məhz bu mərhələli yaxınlaşmanın tərkib hissəsidir. Lakin bu prosesin tam şəkildə reallaşması üçün bir sıra texniki və institusional problemlərin aradan qaldırılması vacibdir".
Onun sözlərinə görə, hazırda tərəflər arasında bank sistemlərinin qarşılıqlı tanınmaması, maliyyə köçürmələri üçün uyğun infrastrukturun olmaması, eləcə də daşınan malların sığortalanması mexanizmlərinin formalaşmaması əsas maneələr sırasında qalır: "Xüsusilə sığorta institutunun mövcud olmaması ticarət risklərini artıran amillərdəndir. Bu məsələlərin fonunda ən ciddi problem qarşılıqlı etimadın yetərli səviyyədə formalaşmamasıdır. Lakin zamanla hüquqi, maliyyə və logistika mexanizmlərinin qurulması, həmçinin şəffaf nəzarət mexanizmlərinin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına imkan verə bilər. Nəticə etibarilə, Ermənistan məhsulları yalnız ciddi yoxlamalardan keçdikdən və təhlükəsizlik standartlarına cavab verdikdən sonra Azərbaycan bazarına buraxılarsa, bu əlaqələrin mərhələli şəkildə genişlənməsi mümkün olacaq".
Elmir Heydərli
11:59 09.02.2026
Oxunuş sayı: 385