Allah kəssin belə insanlığı!
Ömrümüz boyu yüzlərlə insan tanıyırıq. Hər birini fərqli vaxtda, fərqli şəraitdə. Bəziləri ilə münasibətimiz epizodik olur. Bəziləri ilə dostlaşırıq, ünsiyyətimiz intensivləşir. Hətta doğmalaşırıq. Getdikcə bir – birimizin xarakterinə daha çox bələd oluruq, öyrəşirik...
Günün birində hər şey bitir. Bizi bir – birimizə bağlayan mövzu aradan çıxır- ya işimizi dəyişirik, ya köçürük, ya da gözləntilərimiz bitir...Uzaqlaşırıq, uzaq oluruq...Nə xatırlanırıq, nə də yada düşürük. Nə axtaran olur, nə də arayan...Əvvəllər bu barədə çox düşünürdüm. Son vaxtlar isə belə məsələlərə daha təmkinlə yanaşıram. Başa düşürəm: hər kəsin bir başqasının həyatında missiyası var. Əsas məsələ bu missiyanı icra etməkdir.
Amma, nə yalan deyim, insanoğlu, doğrudan da, nankordur. “Bağda ərik var idi, salam-məleyk var idi, bağda ərik qurtardı, salam-məleyk qurtardı” misalı nə qədər doğrudursa, insanın nankor olması da bir o qədər şübhəsizdir. İnsan tez unudur. Xüsusilə də yaxşılığı...
İnsanın nankor olduğunu təsdiqləmək üçün hansısa fəlsəfi, psixoloji, ya da sosioloji izaha ehtiyac yoxdur. Hər şey çox sadədir: insan yayda altında kölgələndiyi ağacı qışda doğrayıb odun edir, qızınmaq üçün sobaya atır. Budurmu insanlıq? Allah belə kəssin belə insanlığı!
O gün bir nəfərlə söhbət edirdim. Müəllimdir. Dedi ki, dəfələrlə yaxşılıq etdiyim tələbəm semestr başa çatandan sonra məni küçədə görəndə salam da vermədi. Məyus olduğunu hiss edirdim. Buna baxmayaraq “peşmansınız?” sualıma “Yox, niyə peşman olum ki? Bu, mənim işimdir. Mən onu layiqincə yerinə yetirməyə çalışıram” cavabını verdim. Söhbəti çox uzatmadım. Nə emək istədiyimi başa düşürdüm. Haqlı idi.
Di gəl...İnsanın içində nə isə qırılır sanki. Bu bilirsiniz nəyə oxşayır? Bəlkə, qocalanda altında oturaram deyərək illər boyu böyüməsi üçün əziyyət çəkdiyin, su verdiyin, dibini bellədiyin ağacın qəfildən qurumasına. Pərişan olursan. Əziyyətinə heyfin gəlir. Hələ, ola bilsin, özünü danlayırsan da...
Məncə, çox düşünmək də mənasızdır. Nə bu dünya dəyişəndir, nə də insanlar. Dəyişəsi olsa çoxdan dəyişərdi...
14:30 06.02.2026
Oxunuş sayı: 546