"Qarabağ"-ın bu müraciəti rədd edilib
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə keçiriləcək səfər oyunu öncəsi hazırlığını daha optimal qurmaq məqsədilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Crossmedia.az xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” ilə keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınmasını istəyib. Klub bununla bağlı PFL-ə rəsmi məktub göndərib.
Çempionatın təşkilatçısı olan PFL isə məsələ ilə bağlı razılıq almaq üçün “Neftçi” klubuna müraciət edib. Lakin Bakı təmsilçisi “Qarabağ”ın bu istəyini qəbul etməyib və oyunun təxirə salınmasına razılıq verməyib.
Məsələ ilə bağlı “Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli açıqlamasında bildirib ki, qərar komandanın mövcud planları ilə bağlıdır: “Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina etdik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır və həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq hazırlıq planımız mövcuddur. Hər hansı oyunun vaxtının və ya yerinin dəyişdirilməsi bu planlara mənfi təsir göstərə bilər. Buna görə də oyunun təxirə salınmasını məqsədəuyğun hesab etmədik. Ən yaxşısı matçın təqvimdə nəzərdə tutulan vaxtda keçirilməsidir”.
Beləliklə, “Qarabağ” – “Neftçi” oyunu planlaşdırıldığı tarixdə baş tutacaq və Premyer Liqa təqvimi dəyişdirilməyəcək.
18:01 04.02.2026
Oxunuş sayı: 501