Qərbi Azərbaycan İcmasının növbəti iclasında struktur və strateji məsələlər müzakirə olunub
Fevralın 3-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, iclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.
İclası giriş sözü ilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli açaraq ötən il dekabrın 20-də keçirilən Ümumi Yığıncağın yekunları barədə ətraflı məlumat verib. O bildirib ki, qəbul edilən qərarlar İcmanın fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsinə və qarşıdakı mərhələdə işlərin daha sistemli qurulmasına xidmət edir.
İclasda İdarə Heyətinin və Şuraların tərkibində aparılan dəyişikliklər müzakirə olunub. Qeyd edilib ki, bir şəxsin eyni zamanda iki idarəedici qurumda təmsil olunmaması prinsipi əsas götürülərək müəyyən yenilənmələr aparılıb və nəticədə İdarə Heyətinin tərkibində dəyişiklik edilib.
İdarə Heyətinin yeni üzvləri: Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman Həsənov, Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov, Prezident Kitabxanasının müdiri, professor Afət Abbasova; Qərbi Azərbaycanın Barana rayon icmasının sədri Osman Hacıyev iclas iştirakçılarına təqdim olunub.
Daha sonra Qərbi Azərbaycan İcması Şuralarının tərkibi təsdiqlənib. Bildirilib ki, Ziyalılar Şurasında 144, Ağsaqqallar Şurasında 97, Qadınlar Şurasında 126, Gənclər Şurasında isə 141 nəfər üzv təmsil olunur. Şuraların formalaşdırılmasında regional balans və təmsilçilik əsas meyar kimi götürülüb.
Gündəliyin növbəti məsələsi kimi Qərbi Azərbaycan İcmasının 2026-cı il üçün Tədbirlər Planı müzakirəyə çıxarılıb. Qeyd olunub ki, plan ilkin variantdır və İdarə Heyətinin üzvlərinin təklifləri nəzərə alınmaqla təkmilləşdiriləcək. Plan çərçivəsində rayon icmaları ilə işin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, elmi-tədqiqat və nəşr fəaliyyətinin artırılması, arxiv materiallarının toplanması və beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətlərinin təbliği əsas prioritetlər kimi müəyyənləşdirilib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev İcmanın 2025-ci il fəaliyyətini yüksək qiymətləndirərək Qərbi Azərbaycan həqiqətləri sırasında Qərbi Azərbaycan kökənli şəxsiyyətlərin öyrənilməsini, təbliğini də vacib amil kimi xüsusi qeyd edib.
Prezident Kitabxanasının direktoru Afət Abbasova yaşlı qərbi azərbaycanlıların xatirələrinin toplanaraq arxivləşdirilməsini və bu materialların xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsini təklif edib.
İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında Təhsil Nazirliyi ilə birgə məktəblərdə keçirilən maarifləndirici tədbirlərdən bəhs edərək, bu işlərin qarşıdakı dövrdə daha da genişləndiriləcəyini bildirib. Və sözü 2025-ci ildə bu sahədə uğurlu layihələrə imza atan Keşkənd rayon İcmasının sədri, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya verib. Mahirə xanım maarifləndirmə işinin, xüsusilə rayonlarda yaşayan qərbi azərbaycanlılarla görüşlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, orta məktəblərdə Qərbi Azərbaycanla bağlı maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.
İclasda Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Mirzəzadə, Elşad Musayev, AMEA Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru, dosent Asiman Həsənov, tanınmış ictimai xadim Rauf Zeyni və digərləri çıxış edərək müzakirə olunan məsələlər barədə öz rəy və təkliflərini bildiriblər.
İclasın sonunda gündəlikdə duran bütün məsələlər üzrə qərarlar qəbul olunub.
16:06 04.02.2026
Oxunuş sayı: 486