Cənubi Qafqazda yeni reallıqlar: Azərbaycan bu prosesə uzun illərdir hazırlaşır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Şərqi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz geosiyasi bölünmələri aşan, sabit və etibarlı tranzit marşrutu kimi qlobal ticarətdə mühüm rol oynayır. Onun sözlərinə görə, ənənəvi marşrutların etibarlılığının azaldığı mövcud şəraitdə davamlı və şaxələndirilmiş ticarət əlaqələrinin qurulması strateji əhəmiyyət daşıyır.
Orta Dəhlizin inkişafı qlobal ticarətdə risklərin azalmasına və marşrutların şaxələndirilməsinə real töhfə verə bilər. Xüsusilə geosiyasi gərginliklərin artdığı dövrdə bu cür sabit tranzit xətləri region ölkələri üçün həm iqtisadi, həm də strateji üstünlük yaradır. Eyni zamanda, Orta Dəhliz əməkdaşlıq və qarşılıqlı asılılıq üçün yeni imkanlar açır.
ReAL partiyasının sədri, iqtisadçı - ekspert Natiq Cəfərli Orta dəhlizin perspektivləri barədə Crossmedia.az-a danışıb.

O bildirib ki, Orta Dəhlizin genişlənməsi və alternativ marşrutların açılması nəticəsində dünya ticarətinin əhəmiyyətli hissəsinin gələcəkdə Azərbaycan üzərindən keçməsi ölkəyə böyük iqtisadi üstünlüklər qazandıra bilər:
"Orta Dəhlizin genişlənməsi və Gürcüstanla Ermənistan üzərindən alternativ marşrutların yaranması dünya ticarət axınının daha çox Qafqazdan keçməsinə şərait yaradacaq. Azərbaycan bu prosesə uzun illərdir hazırlaşır. İllər öncə Bakı Limanı təmir olunub, yeni avtomobil və dəmir yolları inşa edilib. Hazırda isə Tramp yolunun açılması ilə həm Gürcüstan, həm də Ermənistan istiqamətləri üzrə Orta Dəhlizin genişlənməsi mümkün görünür. Avropa İttifaqı ölkələri ilə Uzaq Şərq ölkələri – Çin, Hindistan, Tailand, Vyetnam və Kamboca arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 2 trilyon dollar təşkil edir. Gələcəkdə bu ticarət həcminin ən azı 15–20–25 faizinin Azərbaycan üzərindən, Orta Dəhliz vasitəsilə keçməsi ölkə üçün ciddi iqtisadi fərq yarada və böyük üstünlüklər qazandıra bilər".
Ülvi Zahidov
16:00 03.02.2026
Oxunuş sayı: 416