Bir "layk"a dəymədi: "Velizarofficial" sərt tənqid olundu
"TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.
Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.
Bu, ilk belə hal deyil. Əvvəllər də dəfələrlə oxşar halların şahidi olmuşuq. Bir çox istifadəçilər sosial media platformalarının imkanlarından sui- istifadə edirlər. Nəticədə isə bir "layk"a, yaxud izləyici artımına görə qanunu pozur, konstitusiyaya zidd hərəkətlər edir, bəzən də hətta dövlət və ictimai maraqları təhlükə altına atırlar.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli son yaşanan hadisə barədə Crossmedia.az-a danışıb: "Son dövrlərdə “TikTok” platformasında əxlaqsız məzmunun təbliği, canlı yayımlar zamanı açıq təhqirlər və qeyri-etik ifadələrə yol verilməsi cəmiyyətdə haqlı narahatlıq doğururdu. Bu kontekstdə “Velizar” ləqəbi ilə tanınan tiktokerin qanunvericiliyin tələblərini pozan hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan əsaslı və zəruri addımdır. Çünki bu şəxsin canlı yayımına hər gün yüz minlərlə insan izləyirdi, onlar arasında azyaşlılar və yeniyetmələr də çoxluq təşkil edirdi. O da öz növbəsində cinsi azlıqları təbliğ edir, söyüş və təhqirdən mütəmadi olaraq istifadə edirdi. Ancaq çox təəssüflər olsun ki, bəzi sosial şəbəkə istifadəçiləri sözügedən şəxsi “xeyirxah” kimi təqdim edərək yol verdiyi əxlaqa və ictimai davranış normalarına zidd əməlləri görməzdən gəlməyə çalışırlar. Şübhəsiz, ehtiyacı olan insanlara yardım göstərmək humanist və təqdirəlayiq bir davranışdır".
O bildirib ki, xeyirxahlıq heç bir halda açıq söyüşə, təhqirə, qeyri-etik davranışlara və cəmiyyətin mənəvi dəyərlərinə zidd hərəkətlərə haqq qazandıra bilməz: "Cəmiyyətdə nümunə kimi təqdim olunan şəxslər yalnız sosial yardım fəaliyyəti ilə deyil, həm də davranışları, rəftarı və ictimai məsuliyyəti ilə örnək olmalıdırlar. Sosial şəbəkələrdə populyarlıq qazanmaq ictimai əxlaq normalarını pozmaq üçün əsas ola bilməz. Əxlaqsız məzmunun və nifrət doğuran davranışların qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirən müvafiq dövlət qurumlarına təşəkkür edirəm və bu sahədə nəzarətin davamlı olması arzulayıram".
13:15 03.02.2026
Oxunuş sayı: 942