Bu hallarda istintaq tədbirlərinin məhkəmə qərarı olmadan həyata keçiriləcək - Açıqlama
Cinayət işləri üzrə təxirəsalınmaz hallarda istintaq orqanlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, məhkəmənin qərarı olmadan axtarış və ya götürmənin həyata keçirilə biləcəyi halların dairəsinin artırılması təklif olunur. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, şəxsiyyətə və ya dövlət hakimiyyəti əleyhinə cinayətlərin törədilməsi və ya bu cinayətlərə hazırlıqla bağlı təxirə salınması mümkün olmayan vəziyyətlərdə, eləcə də sübut xarakterli informasiya-kommunikasiya texnologiyaları sistemlərinin, elektron verilənlərin və onların saxlanıldığı daşıyıcıların gizlədilməsi və ya məhv edilməsi təhlükəsi olduqda istintaq tədbirlərinin məhkəmə qərarı olmadan həyata keçirilməsi mümkün olacaq.
Bu təşəbbüs barədə Crossmedia.az-a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, oxşar hallar Cinayət Prosessual Məcəllədə də mövcuddur: "Təxirəsalınmaz hallarda müstəntiq müəyyən istintaq tədbirlərini həyata keçirə bilər. Bu, Cinayət Prosessual Məcəllənin müvafiq maddələrində də nəzərdə tutulub. Həmin maddələrə əsasən, cinayətin qarşısının alınması, baş vermiş cinayətin açılmasına kömək göstərilməsi, sübutların məhvinin qarşısının alınması və digər təxirəsalınmaz hallarda istintaq orqanı müəyyən istintaq və prosessual tədbirlər görə bilər. Lakin bu tədbirlər mütləq şəkildə əsaslandırılmalı və həyata keçirildikdən sonra məhkəməyə, eləcə də istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Ümumi qayda məhz bundan ibarətdir. Böyük ehtimalla burada da oxşar mexanizm tətbiq olunacaq: müvafiq tədbirlər müstəntiq tərəfindən həyata keçiriləcək, daha sonra isə 24 saat ərzində prokurora və məhkəməyə məlumat veriləcək. Prokuror və məhkəmə isə sonradan həmin qərarın qanuniliyini yoxlayacaq".
Ayhan
13:05 02.02.2026
Oxunuş sayı: 494