Uşaqlara diqqət artırlır - Gecikmiş amma zəruri addımlar atılır
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların risk altında olduğu halların vaxtında müəyyən olunması dövlətin sosial siyasətində prioritet istiqamətlərdən biridir. Xüsusilə çətin həyat şəraitində olan uşaqların öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək imkanlarının məhdudluğu bu sahədə institusional və hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsini zəruri edir.
Bu məqsədlə yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək sosial xidmət sahəsində mühüm dəyişikliklər nəzərdə tutulur. Təklif olunan yeniliklər çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanmasını, onlara münasibətdə təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edəcək məsul qurumların səlahiyyət və vəzifələrinin konkret şəkildə müəyyənləşdirilməsinə xidmət edir.

Məsələ ilə bağlı hüquqşünas Novella Çəfəroğlu da Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Hazırlanan qanun layihəsi yalnız formal xarakter daşımamalı, qəbul edildiyi təqdirdə uzunmüddətli və davamlı mexanizmə çevrilməlidir. Bu təşəbbüs kağız üzərində qalan müvəqqəti tədbir kimi deyil, real və işlək hüquqi mexanizm kimi tətbiq olunmalıdır. Eyni zamanda, azyaşlı uşaqlara və aztəminatlı şəxslərə göstərilən sosial dəstək sistemli və davamlı olmalıdır. Bu, gənc nəslin sağlam, təhlükəsiz və normal şəraitdə böyüməsi üçün mühüm şərtdir".

Sosioloq Üzeyir Şəfiyev isə deyib ki, bu, müsbət və eyni zamanda bir qədər gecikmiş təşəbbüsdür: "Əslində, uşaqlar müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupudur və hesab edirəm ki, bu sahədə daha ciddi hüquqi mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. İlk növbədə, uşaqların çətin həyat şəraitinin qiymətləndirilməsi məqsədilə lisenziyalı sosial işçilər fəaliyyət göstərməlidir. Sosial işçilərin sertifikasiyası həyata keçirilməli, ailə və uşaqlarla işləyən peşəkar sosial işçilər institutu formalaşdırılmalıdır. Bu mütəxəssislər çətin həyat şəraitində yaşayan uşaqların diaqnostik qiymətləndirilməsini aparmalı, onları müvafiq qeydiyyata almalı və əldə olunan məlumatları aidiyyəti qurumlara təqdim etməlidirlər. Bunun üçün sosial işçilərdən ibarət ayrıca müvafiq qurumun yaradılması məqsədəuyğun olardı. Belə bir təcrübə bir sıra xarici ölkələrdə mövcuddur. Məsələn, Baltikyanı ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir və lisenziyalı sosial işçilər uşaqlar və ailələrlə bağlı məsələlərə operativ şəkildə müdaxilə edərək vəziyyəti qiymətləndirir və müvafiq qurumlara ötürürlər".
Sosioloq həmçinin buna ciddi ehtiyac olduğunu və belə bir qurumun yaradılmasının olduqca böyük əhəmiyyət daşıdığını qeyd edib: "Bu qurum uşaqların səsini eşidən və ifadə edən bir mexanizm rolunu oynaya, onların tapdanmış hüquqlarının müdafiəsini təmin edə bilər. Eyni zamanda, valideynlər tərəfindən uşaqlara göstərilən təzyiq hallarında müdaxilə edən, uşaqların çətin həyat şəraitindən çıxmasına real dəstək göstərən bir institut kimi fəaliyyət göstərə bilər. Çünki uşaqlar bu cür dəstəyə xüsusilə ehtiyac duyan, çətin həyat şəraitindən təkbaşına çıxmaq imkanına malik olmayan ən həssas əhali qruplarından biridir. Məhz buna görə də belə bir qurumun yaradılması son dərəcə vacib və zəruridir".
Elmir Heydərli
12:12 02.02.2026
Oxunuş sayı: 584