Kosmosun sirli rəqsi: Ulduzların siqnalları niyə kəsilir?
Kainat hələ də insan üçün sirr dolu bir məkan olaraq qalır. Ulduzlar, qalaktikalar, qaz buludları və milyardlarla işıq ili uzaqlıqda baş verən hadisələr hələ də tədqiqatçıları və astronomiya həvəskarlarını heyran edir. Son kəşflər göstərir ki, kosmos sadəcə ulduzlardan ibarət deyil; burada qarşılıqlı təsirlər, nadir sistemlər və inanılmaz enerji hadisələri baş verir. Son zamanlar Çinli alimlər tərəfindən kəşf edilən bir ulduz sistemi isə bu sirli aləmə daha da işıq saldı.
Bu nadir sistem iki ulduzdan ibarətdir və onlardan biri çox sıx, sürətlə fırlanan və işıq saçan ulduz qalığıdır. Bu tip ulduzlar adətən müntəzəm radio siqnalları yayır və alimlər üçün qiymətli məlumat mənbəyidir. Lakin yeni sistemdə bu siqnallar bəzi anlarda kəsilir ki, bu da astronomiya üçün çox maraqlı və nadir bir hadisədir.
Belə ki, kəşf Çinin Guizhou bölgəsində yerləşən FAST (Beş Yüz Metrlik Açıq Radyo Teleskopu) vasitəsilə həyata keçirilib. FAST, dünyanın ən böyük tək çanaqlı radio teleskopudur və kosmosdakı nadir ulduz sistemlərinin, sürətli radio partlayışlarının, qaz buludlarının və hətta mümkün kosmik həyat siqnallarının öyrənilməsində mühüm rol oynayır. Sistem belə işləyir: ulduz zamanla digər ulduzdan maddə cəlb edir və ikisi ortaq bir qaz buludunun içində dövr etməyə başlayır. Bu dövrdə qaz buludu işığı müəyyən anlarda maneə törətdiyindən, siqnallar müvəqqəti olaraq kəsilir. Təxminən min il davam edən bu prosesdən sonra ulduz qaz buludunu dağıdır və geridə onun ətrafında dövr edən kiçik, lakin çox isti bir ulduz qalır. Bu tip sistemlər kainatda nadir görünür və astronomlar üçün əvəzsizdir, çünki ulduzların qarşılıqlı təsirini və zamanla necə dəyişdiyini göstərir.
Dr. Han Jinlin- kəşfi həyata keçirən alimlərdən biri deyib:
“Bu sistem ulduzların bir-birinə necə təsir etdiyini, zamanla necə dəyişdiyini və enerji yaydığını göstərir. Belə müşahidələr kainatın mürəkkəb dünyasını anlamağa imkan verir”.
Bu nadir ulduz sistemi, Yer kürəsindən təxminən 455 işıq ili uzaqlıqda yerləşir və kainatdakı nadir strukturlara dair əhəmiyyətli məlumatlar verir. Alimlər ümid edirlər ki, gələcəkdə FAST və bənzər güclü teleskoplar vasitəsilə daha çox nadir ulduz cütlükləri kəşf ediləcək. Bu, ulduzların necə doğulduğunu, bir-birinə necə təsir etdiyini və böyük enerji partlayışlarına səbəb olduğunu anlamağa imkan verəcək.
Kosmosdakı bu nadir sistem, insanlara ulduzların həyat dövrünü, qarşılıqlı təsirlərini və enerji yayma mexanizmlərini göstərir. Hər yeni müşahidə kainatdakı sirrlərin daha aydın görünməsinə və insan biliklərinin genişlənməsinə xidmət edir. Belə nadir sistemlər, kainatın necə işlədiyini anlamaqda açar rol oynayır.
Fatimə Məmmədova
10:00 02.02.2026
Oxunuş sayı: 476