2 Fevral – Azərbaycan Gəncləri Günü: Dövlətçilik, tərəqqi və gələcəyə inam fəlsəfəsi
Azərbaycan gəncliyi ölkəmizin bu günü və sabahıdır. Tarixin bütün mərhələlərində xalqımızın taleyüklü məsələlərinin həllində gənclər xüsusi fəallıq, təşəbbüskarlıq və vətənpərvərlik nümayiş etdirmişlər. Məhz bu mühüm reallıq nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Sərəncamı ilə hər il 2 Fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu tarixin seçilməsi də təsadüfi deyildir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu ölkədə gənclər hərəkatının inkişafında mühüm mərhələ olmuş, dövlətin gənclərə verdiyi yüksək dəyərin bariz nümunəsinə çevrilmişdir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra gənclər siyasətinin formalaşdırılması və ardıcıl şəkildə həyata keçirilməsi dövlət strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Bu sahədə Azərbaycan bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayaraq, gənclərin sosial, iqtisadi, intellektual və mənəvi inkişafını təmin edən kompleks və çevik mexanizmlər yaratmışdır. Gənclərə yönəlik dövlət siyasəti onların cəmiyyətin bütün sahələrində fəal iştirakına, liderlik keyfiyyətlərinin formalaşmasına, innovativ düşüncəyə və sağlam həyat tərzinə təşviqinə xidmət edir.
Bu siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və gəncliyə olan dərin inamı dayanırdı. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın strateji inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir, onların bilik, bacarıq və potensialının üzə çıxarılmasını daim diqqət mərkəzində saxlayırdı. Dövlətin gənclər siyasəti hər zaman Ulu Öndərin birbaşa nəzarətində olmuş, bu istiqamətdə mühüm normativ-hüquqi baza formalaşdırılmışdır.
Məhz bu baxımdan 1994-cü il 26 iyul tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə gənclərlə iş sahəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Nazirliyin yaradılması müxtəlif dövlət qurumlarının gənclərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi, vahid strategiyanın tətbiqi və səmərəli mexanizmlərin qurulması baxımından mühüm əhəmiyyət daşıdı. Bu addım Azərbaycanın institusional inkişaf tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.
Azərbaycan gənclər siyasətində uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində gənclər üçün geniş imkanlar yaradılmış, onların təhsil, məşğulluq, sosial müdafiə, innovasiya və sahibkarlıq sahələrində fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Dövlət proqramları, beynəlxalq layihələr, könüllülük hərəkatları və startap təşəbbüsləri gənclərin intellektual və yaradıcılıq potensialının reallaşmasına güclü stimul verir.
Azərbaycan gənclərinin forumları da bu siyasətin mühüm tərkib hissəsidir. Forumlar gənclərin problemlərinin açıq müzakirəsi, təklif və ideyalarının dövlət qurumlarına çatdırılması, həmçinin ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində fəal iştirak imkanları yaradır. Bu platformalar gənclərin sosial məsuliyyət hissini gücləndirir, onları aktiv vətəndaş mövqeyinə sövq edir.
Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu xüsusilə Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirildi. Minlərlə gənc könüllü olaraq cəbhəyə yollandı, qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdi. Bu, gənclər arasında vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın və dövlətə sədaqətin nə qədər yüksək səviyyədə olduğunu sübut etdi.
İstedadlı gənclərə dövlət qayğısının parlaq nümunəsi olan “Qızıl kitab” təşəbbüsü də bu siyasətin mühüm tərkib hissəsidir. “Qızıl kitab”a daxil edilən gənclər ölkənin intellektual potensialının əsas daşıyıcıları kimi dəyərləndirilir, onların təhsil və yaradıcılıq fəaliyyətinə xüsusi dəstək göstərilir. Bu təşəbbüs gənclərin elmi, mədəni və innovativ sahələrdə daha böyük uğurlar qazanmasına imkan yaradır.
Ulu Öndər Heydər Əliyevin mühüm qanunverici təşəbbüsləri nəticəsində formalaşan “Gənclər siyasəti haqqında” Qanun gənclər siyasətinin mahiyyətini, məqsəd və prinsiplərini əks etdirən əsas hüquqi sənəddir. Bu qanun gənclərin hüquq və vəzifələrini, onların sosial müdafiə mexanizmlərini və dövlət dəstəyinin əsas istiqamətlərini müəyyən edir.
2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, eyni zamanda dövlətin gənclərə olan inamının, qayğı və etimadının təntənəsidir. Bu gün gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Müstəqil, güclü və müasir Azərbaycanın inkişafına öz bilik və bacarıqları ilə töhfə vermək, milli maraqları hər zaman uca tutmaq və ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltmək. Azərbaycanın parlaq gələcəyi məhz bu gəncliyin əllərindədir.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəalı
16:28 31.01.2026
Oxunuş sayı: 1540