"Qarabağ" buna görə 6-0 uduzub: Ekspert səbəbi açıqladı
Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu səfərdə İngiltərə nəhəngi “Liverpul”a 6:0 hesabı ilə məğlub olub.
Sözügedən hesab ictimaiyyətdə müzakirələrə yol açıb. Komandamız nələri səhv etdi ki, ortaya bu hesab çıxdı?
Crossmedia.az xəbər verir ki, Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlının fikrincə, “Qarabağ”ın “Liverpul”a məğlubiyyətinin bir neçə əsas səbəbi var:
“Birinci və ən önəmli səbəb çempionatlar arasındakı fərqdir. Bu fərq meydanda açıq şəkildə hiss olundu. Qarşılaşmada iki komanda var idi: biri İngiltərə Premyer Liqasının, digəri isə Azərbaycan Premyer Liqasının təmsilçisi. Hər iki çempionatın adı eyni olsa da, səviyyə baxımından fərq aşkar idi. Təsadüfi deyil ki, Çempionlar Liqasının pley-off mərhələsindən birbaşa səkkizdəbir finala vəsiqə qazanan səkkiz komandadan beşi İngiltərə təmsilçisidir. Bu fakt İngiltərə Premyer Liqasının gücünün bariz göstəricisidir.”
Ekspert ikinci mühüm məqam kimi “Liverpul”un “Qarabağ”a öz oyununu oynamağa imkan verməməsini göstərib:
“Qarabağ”ın ən böyük üstünlüyü cinahlardan gələn hücumlardır. Cinah müdafiəçilərinin hücuma qoşularaq cərimə meydançasına asmalar etməsi bu komandanın əsas silahıdır. Elvin Cəfərquliyev və Silvanın aktivliyi ilə yadda qalan “Ayntraxt”la oyunu xatırlamaq kifayətdir. Həmin qarşılaşmada vurulan qollardan ikisi məhz Elvin Cəfərquliyevin cərimə meydançasına daxil olaraq verdiyi ötürmələrdən sonra qeydə alınmışdı.”
N. Muxtarlı bildirib ki, “Liverpul” komandamızın oyununu yaxşı təhlil etmişdi:
“Bəs "Liverpul"a qarşı bu niyə alınmadı? Düşünmürəm ki, Qurban Qurbanov bilərəkdən futbolçularına bu üstünlükdən imtina etməyi tapşırmışdı. Çünki o, rəqibdən asılı olmayaraq həmişə öz oyun fəlsəfəsinə sadiq qalır. Əgər bu sənin ən güclü silahındırsa, ondan imtina etmək məntiqli olmazdı. Sadəcə, "Liverpul" "Qarabağ"ın oyununu yaxşı təhlil etmişdi və cinahları tam bağlamışdı. Bu, həm "Liverpul" futbolçularının yüksək ustalığının, həm də baş məşqçinin verdiyi tapşırıqların meydanda dəqiq icrasının nəticəsi idi.”
Müsahibimizin sözlərinə görə, cinahların bağlanması “Qarabağ”ın oyununu demək olar ki, iflic edib:
“Bundan sonra komanda nə hücumda dişli ola bildi, nə də topa nəzarəti ələ aldı. Müdafiədə də effektivlik itdi. Bunun əsas səbəbi ‘Liverpul’un çox yüksək tempdə və çoxvariantlı oyun təklif etməsi idi. Bu, "Qarabağ"ın Azərbaycan çempionatında alışdığı oyunlardan tamamilə fərqli bir səviyyə idi və etiraf etmək lazımdır ki, komanda bu tempə tab gətirə bilmədi.”
Natiq Muxtarlı onu da əlavə edib ki, “Qarabağ”ın əsas məğlubiyyət səbəbi ənənəvi oyun sistemini tətbiq edə bilməməsi olub:
“Bunun günahı birbaşa "Qarabağ"da deyil. Əsas səbəb "Liverpul"un rəqibinə öz oyununu oynamağa imkan verməməsidir. "Qarabağ" öz oyununu oynaya bilməyəndə bu komanda təsir gücünü itirir. Məhz bu amil məğlubiyyətin əsas səbəbi kimi qiymətləndirilməlidir.”
Xatırladaq ki, təmsilçimiz “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
18:15 29.01.2026
Oxunuş sayı: 664