ABŞ-də azərbaycanlıların iştirak etdiyi MMA döyüş turnirinə start verilib
ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların "CSE Combat" birliyinin təşkilatçılığı ilə "The Gauntlet" adlı çoxmərhələli peşəkar döyüş turnirinə start verilib.
Crossmedia.az xəbər verir ki, turnirdə ABŞ-nin tanınmış MMA döyüşçüləri və idman azarkeşləri iştirak ediblər. Turnir döyüşçülərin fiziki və psixoloji imkanlarını sınağa çəkmək, eyni zamanda gələcəyin perspektivli idmançılarını üzə çıxarmaq məqsədi daşıyır.
Turnir çərçivəsində MMA və kikboksinq döyüşləri də təşkil olunub. Qarşılaşmalarda yüksələn istedadlar bacarıqlarını nümayiş etdirərək azarkeşlərin diqqətini cəlb ediblər.
Hər çəki dərəcəsində səkkiz idmançının iştirak etdiyi turnir tək-məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin və prinsipial mübarizə aparıblar.
Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı "Report"a bildirib ki, turnir ilk dəfə təşkil olunur və rəhbərlik etdiyi qurumun ABŞ-də idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihədir:
"Təşkilatımız 2023-cü ildə qurulub. Üzvlərimiz ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançılardır. Onların arasında Nazim Sadıqov olmaqla MMA-da döyüşən idmançılarımız da var. Azərbaycanlı idmançıların ABŞ-də güclərini sınamaları üçün layihələr üzərində işləyirik. Bu turnir də layihələrdən biridir".
Turnirin 1-ci raundunda müxtəlif çəki dərəcələrində döyüşlər keçirilib və qaliblər 2-ci mərhələyə vəsiqə qazanıblar.
Döyüşçülər arasında azərbaycanlı məşqçi Teymur Həsənov tərəfindən hazırlanan 3 idmançı da yer alıb. Milliyyətcə ukraynalı olan həmin döyüşçülərdən ikisi rəqiblərini nokautla məğlub edərək birincilik qazanıb. Onlar qələbələrini Azərbaycan bayraqları ilə qeyd ediblər.
Gecədə turnirdən kənar MMA və kikboksinq qarşılaşmaları da baş tutub. Döyüşlərdəki istedadlar öz bacarıqlarını nümayiş etdirərək idman azarkeşlərinin böyük marağına səbəb olublar.
09:05 26.01.2026
Oxunuş sayı: 458