25 il öncə bugün: Azərbaycan Avropa Şurasına üzv oldu
Bu gün Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsindən 25 il ötür. 25 yanvar 2001-ci ildə Strasburqda keçirilən rəsmi mərasimdə Azərbaycanın dövlət bayrağı Avropa Şurasının mənzil-qərargahı qarşısında ucaldılıb və ölkəmiz təşkilatın üzvləri sırasına daxil edilib.
Azərbaycanın Avropa Şurasına üzvlüyü uzunmüddətli və mərhələli əməkdaşlıq prosesinin nəticəsi olub. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan parlamenti təşkilata “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciət edib. 1996-cı ildə Avropa Şurası Parlament Assambleyası bu statusu Azərbaycana təqdim edib.
Əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə 20 yanvar 1998-ci ildə Prezident Heydər Əliyev Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin gücləndirilməsinə dair xüsusi sərəncam imzalayıb. Nəticə etibarilə, 17 yanvar 2001-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması barədə qərar verib.
25 yanvar 2001-ci ildə isə bu qərar rəsmi şəkildə qüvvəyə minib. Həmin gün Strasburqda keçirilən mərasimdə Prezident Heydər Əliyevin iştirakı ilə Azərbaycanın bayrağı Avropa Şurasının binası önündə dalğalanıb.
Avropa Şurasına üzvlük Azərbaycan üçün insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində beynəlxalq öhdəliklər və əməkdaşlıq imkanları yaradıb. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını tanıyıb və bu mexanizmlər çərçivəsində fəaliyyət göstərib.
Qeyd edək ki, təşkilatla münasibətlər müxtəlif dövrlərdə fərqli mərhələlərdən keçsə də, bu üzvlük ölkənin beynəlxalq siyasi tarixində mühüm yer tutur.
Fatimə Məmmədova
16:30 25.01.2026
Oxunuş sayı: 438