Səhnədən siyasətə: Zelenskinin ad günüdür
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin doğum günüdür. Dövlət başçısı 48 yaşını qeyd edir. Zelenski son illərdə təkcə Ukraynanın deyil, eyni zamanda beynəlxalq siyasətin ən tanınan simalarından birinə çevrilib.
1978-ci ildə Krivoy Roq şəhərində anadan olan Volodimir Zelenski siyasi karyerasından əvvəl aktyor, prodüser və televiziya aparıcısı kimi fəaliyyət göstərib. O, xüsusilə “Xalqın qulluqçusu” serialındakı rolu ilə geniş ictimaiyyət tərəfindən tanınıb. Maraqlıdır ki, həmin serialda Zelenski korrupsiyaya qarşı mübarizə aparan prezident obrazını canlandırırdı və bu obraz sonradan real siyasi həyata daşındı.
2019-cu ildə keçirilən prezident seçkilərində Zelenski böyük səs çoxluğu ilə qalib gələrək Ukraynanın altıncı prezidenti oldu. Onun hakimiyyət dövrü əvvəlcə daxili islahatlar və korrupsiyaya qarşı mübarizə vədləri ilə yadda qaldı. Lakin 2022-ci ildən etibarən Rusiya-Ukrayna müharibəsi Zelenskinin prezidentliyini tamamilə fərqli mərhələyə keçirdi.
Müharibə dövründə Zelenski ölkəni tərk etməməsi, Kiyevdə qalaraq ictimaiyyət qarşısına çıxması və mütəmadi müraciətləri ilə həm Ukrayna cəmiyyətində, həm də beynəlxalq aləmdə simvolik liderə çevrildi. O, Qərb ölkələrindən siyasi, maliyyə və hərbi dəstəyin təmin olunmasında əsas fiqur kimi çıxış etdi və Ukraynanın mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etdi.
Bu gün 48 yaşını qeyd edən Volodimir Zelenski ölkəsi üçün həlledici dövrdə rəhbərlik etməyə davam edir. Müharibənin gələcək gedişatı, sülh danışıqları və Ukraynanın Avropa strukturlarına inteqrasiyası onun qarşısında duran əsas çağırışlar olaraq qalır.
Müharibə dövründə Zelenskiyə dəfələrlə sui- qəsd cəhdi olub. Bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri açıqlanmayıb. Ona olan təzyiqlərin, bəlkə də, yarısı ictimaiyyətdən gizlədilir. Ən əsası isə Zelenskinin nələr düşündüyünü, nələr hiss etdiyini kimsə bilmir. Bəlkə də, müharibə dövründə dəfələrlə istefa vermək barədə düşünüb. Hətta, ola bilsin, siyasətə gəldiyinə görə peşman olub. Bəlkə də, siyasət, bu "çirkin oyun" onluq deyildi.
Mütəxəssislərin fikirlərinə görə, davam edən savaş Zelenskinin səhhətinə çox pis təsir edib. Üzü qırışıb, saçları ağarıb...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir dəfə Ukraynadan qayıdandan sonra yerli sakinlərlə görüşdə " Zelenski necədir?" sualına belə cavab vermişdi:
- Dərdlidir. Çox dərdli. Onu aldadanlar çoxdur...
Məsələnin siyasi tərəfi barədə çox danışmayaq. Onsuz da Zelensi özü hər şeyi daha yaxşı bilir.
Əminik ki, o, müharibənin bitəcəyi, təhlükəsizlik tədbirləri üçün ölkədən çıxan ailəsinə, uşaqlarına qovuşacağı günü gözləyir...
Savaşın sonu, Zelenskinin taleyi necə ola bilinmir. Bəlkə də, ən pisi olacaq. Bəlkə də, bu, Zelenskinin ən çətin rolu idi...
Onu kimlər niyə aldatdı bilmirik, amma Zelenskinin xalqı ilə birlikdə tarix yazdığını deyə bilərik. "Slava Ukrayna", XALQIN QULLUQÇUSU!
P.S: Zelenskinin doğum günü Ukrayna üçün həm simvolik, həm də çətin bir dövrə təsadüf edir — ölkə hələ də müharibə şəraitindədir və dövlət başçısı bu şəraitdə həm daxili birliyi qorumaq, həm də beynəlxalq dəstəyi saxlamaq missiyasını davam etdirir.
Səriyyə Tağıyeva
13:45 25.01.2026
Oxunuş sayı: 695